BDU-nun Qazax filialında 15 Sentyabr - Bilik Günü qeyd olunub
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 15 Sentyabr – Bilik Günü qeyd olunub.
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 15 Sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın müəllim-tələbə kollektivi, valideynlər və KİV nümayəndələri iştirak edib.
Bilik Gününə həsr olunmuş tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Tədbirin aparıcısı, filialın filologiya ixtisasının III kurs tələbəsi, Qazax RİH yanında yerli Məşvərət Şurasının üzvü Allahverdi Süleymanov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, tələbələri ələmatdar gün münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik strategiyası və onun ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədinin Azərbaycan Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu qeyd edib. Mövcud konsepsiyanın reallaşması üçün ali təhsil müəssisələri tərəfindən kifayət qədər uğurlu addımlar atıldığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Təhsilin inkişafında ölkənin ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin, eləcə də həmin universitetin Qazax filialının regional ali təhsil müəssisəi kimi oynadığı rolu və filialda olan şəffaf fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıran filial direktoru bu amilin bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısını bir ziyalı olaraq yüksək qiymətləndirib və ziyalılar adından öz dərin minnətdarlığını bildirib. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından təşəkkürlərini çatdırıb. Bu gün Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak etməsini, tələbələrin arasında olmasını, onlara səmimi təbriklərini çatdırmasını gənclərə verdiyi dəyər kimi qiymətləndirib. A.Rüstəmov qeyd edib ki, bakalavriat təhsil səviyyəsi üzrə 2023/2024-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinə görə BDU-nun Qazax filialına 560 plan yerinə 530 nəfər tələbə qəbul olmuşdur ki, bu da qəbul planının 95 faizi deməkdir. 5 sentyabr 2023-cü il tarixindən onların qeydiyyatına başlanılmış və onun nəticələri barədə qeydiyyat başa çatdıqdan sonra dəqiq məlumat olacaqdır. Hazırda 518 nəfər qeydiyyatdan keçmişdir. Bala Çaylı kənd sakini Nuray Sanılı universitet üzrə ən yüksək 522 balı toplayaraq Tarix ixtisasına qəbul olmuşdur. A.Rüstəmov qeyd edib ki, filialda cəmi tələbə sayı 1858 nəfərdir. Onlardan 1614 nəfəri əyani, 209 nəfəri qiyabi, 35 nəfər isə magistraturada təhsil alan tələbələrdir. 2023/2024-cü tədris ilinin əvvəli üçün BDU-nun Qazax filialında bakalavriat səviyyəsində 16 ixtisas üzrə, magistratura səviyyəsində isə 8 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bakalavriat təhsil səviyyəsində 16 ixtisasdan 4-də qiyabi təhsil forması mövcuddur. 2022-2023-cü tədris ilində universiteti 379 nəfər tələbə bitirmişdir. Onlardan 37 nəfəri respublikanın müxtəlif universitetlərinin magistraturasına qəbul olmuşlar. “Bu gün əminliklə deyə bilərəm ki, BDU-nun Qazax filialında biz şəffaf mühit formalaşdırmışıq. Filialda heç bir tələbənin haqqı tapdana bilməz. Bizdə tələbələri bir-birindən fərqləndirən yalnız onların elmi biliyi, bacarığıdır. Bunu yuxarı kurslarda təhsil alan tələbələrimiz yaxşı bilir”, - deyən A.Rüstəmov I kurs tələbələrinə qarşıda keçən zamanlarda onların da bunun şahidi olacaqlarını söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Rayon rəhbəri çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da danılmaz xidmətləri olduğunu bildirib. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib.
“Əziz gənclər biz sizlərlə qürur duyuruq. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazanılan qələbədə siz gənclərin böyük payı oldu. Gənclərimiz Şəhidlik zirvəsinə ucalaraq 44 gündə tarix yazdılar. Bu gün fəxrlə deyə bilərik ki, siz müstəqil Azərbaycanın müstəqil gənclərisiniz”, - deyən rayon rəhbəri bu gün Azərbaycanda vətənpərvər gənclər ordusunun yetişdiyini bildirib. İcra başçısı qeyd edib ki, BDU-nun Qazax filialında təhsil alan tələbələrin məktəblərdə keçirilən aktiv pedaqoji təcrübə zamanı göstərdikləri nəticələr bir daha onu sübut edir ki, filialda yüksək ixtisaslı kadrlar formalaşır. Mən əminəm ki, siz gənclər də dövlət tərəfindən göstərilən qayğını yüksək qiymətləndirərək öz bilik və bacarıqlarınızı, əldə etdiyiniz nailiyyətləri hər zaman artıracaqsınız. Bu işdə hər birinizə uğurlar arzu edirəm.
Filialın Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, ən xoş arzularını səsləndirib. Qədəm qoyduqları yeni həyatda uğurlar arzulayıb, qarşıda onları çətin və məsuliyyətli illər gözlədiyini söyləyib. “Siz tələbələrin yüksək səviyyədə təhsil almağınız üçün filialda hər cür şərait yaradılıb. Biz müəllimlər də hər zaman çalışırıq ki, sizlərə yüksək səviyyədə təhsil verək”, - deyən H.Xəlilov yaxşı oxumaq üçün tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. BDU Qazax filialının tələbələri olaraq təhsil aldıqları ali təhsil müəssisəsinin adını həmişə uca tutmalarını tövsiyə edib.
Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Türkan Məmmədova çıxış edərək ölkəmizdə təhsil sahəsinə olan qayğıdan danışıb. Məhz həmin qayğı sayəsində bu gün Azərbaycanda savadlı gənclər ordusunun formalaşdığını vurğulayıb. Tələbələrə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıb. Müəllim əməyindən söz açan T.Məmmədova elə müəllimlərin əməyinə Ulu Öndər Heydər Əliyev tərəfindən layiqincə qiymət verildiyini, dahi şəxsiyyətin müəllimdən uca ad tanımadığını söyləyib. “Əziz tələbələr, oxuyun, biliklər əldə edin ki, gələcəkdə öz nurunuzla bu dövləti işıqlandırasınız. Gecə-gündüz sizin sabahınız naminə çalışan valideynlərinizin fəxri olasınız”, - deyən T.Məmmədova bu yolda onlara uğurlar arzulayıb.
Valideyn, əslən Gəncədən olan Vətən müharibəsi şəhidi Ağamirzə Quliyevin atası İlham Quliyev çıxış edərək övladının timsalında bütün tələbələri təbrik edib. İ.Quliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarix yazan oğullardan birinin də məhz onun övladı olduğunu söyləyib. Qazaxdan olan döyüş yoldaşı Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovla birlikdə şəhadətə ucaldığını söyləyib. Qazaxda şəhid ailələrinə göstərilən qayğıdan, şəhidlərimizə olan hörmətdən söz açan şəhid atası bunun filialda da şahidi olduğunu bildirib. Filialın məzunu olmuş 44 günlük Vətən müharibəsi şəhidi leytenent Məhəmməd Məmmədovun xatirəsinə yaradılmış guşəni görəndə qürurlandığını, şəhidlərimizin unudulmadığını ifadə edib. Şəhidlərimizin adını yaşatdıqlarına görə rayon rəhbərliyinə və filialın kollektivinə şəhid atası olaraq minnətdarlığını bildirib. İ.Quliyev şəhid atası olmaqla yanaşı, bu gün həm də tələbə adını qazanmış övladın atası kimi çıxış etməyin qürurunu yaşadığını qeyd edib. Təhsil sahəsinə dövlət tərəfindən göstərilən qayğıdan söz açan şəhid atası bütün valideynlər adından ölkə başçısına, rayon rəhbərliyinə, eləcə də filialın kollektivinə gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını çatdırıb. Övladının filialı seçməsinə səbəb olaraq burada peşəkar müəllim-professor heyətinin, keyfiyyətli təhsilin və ən əsası da şəffaflığın olmasını bildirib.
522 bal toplayaraq filialın Tarix ixtisasına qəbul olmuş I kurs tələbəsi Nuray Sanılı çıxış edərək onlara göstərilən qayğıya görə tələbə yoldaşları adından ölkə başçısına və Birinci vitse-prezidentə öz dərin minnətdarlığını bildirib. Üzərində əməyi olan müəllimlərinə, daim əziyyətlərini çəkən valideynlərinə təşəkkürünü çatdırıb. Bu filialı seçməklə düzgün addım atdığını, burada ali təhsil almaq üçün hər cür şəraitin olduğunu qeyd edib. Orta məktəbdə olduğu kimi, seçdiyi ali təhsil ocağını da yüksək nailiyyətlərlə başa vuracağını söyləyib.
Sonra icra başçısı I kursda təhsil alacaq tələbələrin valideynləri ilə görüşüb, onlarla filialda olan nizam-intizam, şəffaf mühit, filialın kollektivi tərəfindən tələbələrə göstərilən qayğı barədə fikirlərini bölüşüb, övladlarının əmin əllərdə olduqlarını qeyd edib. Rayon rəhbərliyi olaraq da hər zaman tələbələrimizə qayğı göstərdiyini və bundan sonra da həmin qayğının davam etdiriləcəyini vurğulayıb. Valideynlər də öz növbələrində rayon rəhbərliyinə, filialın kollektivinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün övladlarının Qazaxda tam təhlükəsiz, qayğısız, yüksək səviyyədə təhsil almalarına onlarda əminlik hissi yaratdığını vurğulayıblar.
Sonda rayon rəhbərliyi tələbə və valideynlərlə xatirə şəkilləri çəkdirib.