BDU-nun Qazax filialında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. O Vətən müharibəsi ki, hər günü torpaqlarımızın düşmən tapdağından azad edilməsi xəbəri ilə sevindirdi xalqımızı. O müharibə ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qazandığımız tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhəri Günü kimi yaddaşlara yazılacaq.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.
Rayon rəhbərliyi əvvəlcə filialın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov tədbiri açıq elan edərək iştirakçıları və rayon rəhbərliyini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. M.Yusifov filialın məzunu olmuş Vətən müharibəsi şəhidi leytenant Məmmədov Məhəmməd Zakir oğlunun və 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş leytenant Orucov Niftalı Qəfər oğlunun timsalında bütün şəhidlərimizlə hər zaman qürur duyulduğunu, onların adlarını yaşatmaq, tələbələrə, gələcək nəsillərə tanıtmaq üçün filial rəhbərliyi olaraq əllərindən gələni əsirgəmədiklərini qeyd edib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, xalqımıza daim qələbələr qazanmağı arzulayıb. Keçirilən tədbirin əhəmiyyətindən söz açan A.Rüstəmov tədbirdə iştirakına və BDU-nun Qazax filialının kollektivinə hər zaman verdiyi yüksək dəyərə görə rayon rəhbərinə razılığını ifadə edib, dərin minnətdarlığını bildirib. A.Rüstəmov bu gün qalib ölkənin vətəndaşı olan hər kəsin, uşaqdan tutmuş böyüyə kimi hər bir azərbaycanlının şanlı Zəfərimizi qürurla qeyd etdiyimizi söyləyib. A.Rüstəmov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun Azərbaycanı müstəqil dövlət kimi, torpaqlarımızı işğaldan azad edilmiş görmək olduğunu söyləyib. Bu gün Prezident İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi sayəsində dahi şəxsiyyətin arzularının gerçək olduğunu, ölkə başçısının rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə həmin arzunun reallaşdığını bildirib. A.Rüstəmov bugünkü şanlı Zəfərimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı builki Zəfər Gününün tam fərqli olduğunu, bu il xalqımızın Zəfər Gününü həm də Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində, “Heydər Əliyev İli”ndə böyük qürur hissi ilə qeyd etdiyini söyləyib. Rayon rəhbəri çıxışı zamanı Azərbaycan Silahlı Qüvvələrinin dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi olduğunu söyləyib. Güclü ordu ilə güclü dövlət anlayışının vəhdət təşkil etdiyini, müstəqil dövlətin nüfuzunun iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçüldüyünü qeyd edib. Bütün sahələrdə olduğu kimi, Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixinin, formalaşmasının bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. İcra başçısı əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində də şahidi olduğumuzu qeyd edib. Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədilə əks-hücum əməliyyatına başladığını və cəmi 44 günə şanlı tarix yazdığını söyləyib. 4 oktyabrda Cəbrayılın, 17 oktyabrda Füzulinin, 20 oktyabrda Zəngilanın, 25 oktyabrda Qubadlının və 8 noyabrda Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edilməsini xalqımızın bu gün də qürurla xatırladığını vurğulayıb. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzalanmış Bəyanata əsasən noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də isə Laçının bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edilməsini xalqımızın və dövlətimizin böyük uğuru olduğunu qeyd edib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verən zaman səsləndirdiyi “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” fikirlərinin bu gün də hər kəsi qürurlandırdığını söyləyib. Rayon rəhbəri Azərbaycan xalqının və dövlətinin 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində qazandığı tarixi Qələbəni gələcək nəsillərə çatdırmaq üçün mühüm addımlar atdığını, Respublika Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamını bunun bariz nümunəsi kimi qiymətləndirib. Artıq 3 ildir ki, həmin Sərəncama əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edildiyini söyləyib. Ölkə başçısının 2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında Sərəncam imzaladığını vurğulayıb. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının, “Zəfər” və “Qarabağ” ordenlərinin, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medalların təsis edildiyini diqqətə çatdırıb. Rayon rəhbəri 15 oktyabr 2023-cü il tarixinin də xalqımızın yaddaşına qızıl hərflərlə yazıldığını, həmin gün Müzəffər Ali Baş Komandanın Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltmasını hər bir azərbaycanlının minnətdarlıqla qarşıladığını söyləyib. Ölkə Prezidentinin “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” söyləməsinin xalqımıza qürur dolu anlar yaşatdığını qeyd edib. İcra başçısı bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edib, qürur duyduğunu bildirib.
Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb, arzularını səsləndirib. M.Süleymanov 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə şanlı Zəfərlə başa çatan “Dəmir yumruq” əməliyyatının, əldə etdiyimiz tarixi Qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığını, həmin 44 günün xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini vurğulayıb. M.Süleymanov oktyabrın 15-də Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltmasını, Azərbaycan xalqının yaşadığı qürur dolu anların 3 il əvvəl qazandığımız şanlı Zəfərin davamı olduğunu qeyd edib. M.Süleymanov nə qədər Azərbaycan xalqı var, üçrəngli dövlət bayrağımızın yüksəklərdə dalğalanacağını, şanlı Zəfəri bizə bəxş edən, yaşadan şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını, daim hörmət və ehtiramla anılacağını söyləyib. Azərbaycan xalqı olaraq tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdar olacağımızı vurğulayıb.
Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Ü.Bayramova 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş meydanındakı şücaətindən danışaraq onların bizə Vətəni sevməyin ən ümdə iş, Şəhidlik zirvəsinə ucalmağın ən ali məqam olduğunu nümunə göstərdiklərini qeyd edib. Bizi Qarabağımıza qovuşduran Vətən müharibəsinin, İkinci Qarabağ müharibəsinin XXI əsr Azərbaycanın hərb tarixinin qəhrəmanlıq, şərəf səhifəsi olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsinin xalqımızın, 1 milyondan çox məcburi köçkün düşmüş soydaşımızın yurd həsrətinə son qoyduğunu söyləyib. Xalq olaraq Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olduğumuzu qeyd edib.
Filialın Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Könül Butayeva çıxış edərək ötən illər ərzində mənfur düşmənimiz olan ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri bir gənc olaraq heç zaman unutmadığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin, şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarının heç zaman unudulmayacağını, bugünkü və gələcək nəsillərə örnək və nümunə olacağını qeyd edib.
Filialın Hərbi hazırlıq və fiziki tərbiyə müəllimliyi ixtisasının II kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qılınc Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Q.Cəfərov öz ürək sözlərini belə bölüşüb: “2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda mən Azərbaycan Ordusunun əsgəri idim. Mənim həyatımın ən böyük uğurlarından biri odur ki, mən məhz Vətən müharibəsi başlayan zaman hərbi xidmətdə oldum və o döyüşlərdə iştirak etdim. Vətən müharibəsinin 44 gündə başa çatmasının iki əsas səbəbi var. Birincisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü hərbi siyasət, Azərbaycan Ordusunun bu siyasət əsasında döyüş meydanında göstərdiyi qəhrəmanlıq, ikincisi isə Azərbaycan xalqının Azərbaycan Ordusunun yanında olması idi. Milli birlik, həmrəylik sayəsində 44 gündə şanlı Zəfər, tarixi Qələbə qazandıq. Nə xoş mənə ki, bu Qələbədə az da olsa mənim də payım var, qalib ordunun əsgəri olmaq mənə də qismət oldu. Şuşanın azad olunduğu günün mənim həyatımdakı izi silinməzdir. Həmin an ikiqat sevinc hissini yaşamaq, öz doğum günümü Şuşanın azad edilməsi xəbəri ilə qeyd etmək mənim həyatımın unudulmaz anlarıdır. 15 oktyabrda Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltması hərb tariximizin ən şanlı səhifəsidir. Bu günü xalqımız heç zaman unutmayacaqdır”.