Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz - Suverenliyimiz tələbələrin gözü ilə” adlı Elmi Konfrans keçirilib

15 may 2025 | 21:45

Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunub. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Mayın 15-də Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində filialın Tələbə Elmi Cəmiyyətinin “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz - Suverenliyimiz tələbələrin gözü ilə” adlı Elmi Konfransı keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın professor-müəllim heyəti, tələbələri iştirak ediblər.

Rayon rəhbərliyi əvvəlcə filialın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent, Konfransın təşkilat komitəsinin sədri Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq rayon rəhbərliyini və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq gənclərlə, tələbələrlə olan bugünkü görüşü, tələbələrin qatıldığı bugünkü konfransda iştirak etməsini onlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov Respublika Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının çox böyük tarixi əhəmiyyət daşıdığını söyləyib. Bu sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi məna daşıdığını, ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi rola malik olaraq hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət olduğunu qeyd edib. “Konstitusiya və Suverenlik İli”nin dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi istiqamətində istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək üçün ən böyük nailiyyət olduğunu vurğulayıb. Qəhrəman və cəsur igidlərimizin canı, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun bərqərar edildiyini bildirib. Xalqımızın böyük şərəf və iftixarla müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcəyini vurğulayıb. Mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncamın tarixi Zəfərimizin regionda və beynəlxalq arenada yeniliklərə yol açacağını, eyni zamanda, 1995-ci ildə qəbul edilmiş Milli Konstitusiyamızın Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin daha da inkişaf etdirilməsində əsas rol oynayacağını dilə gətirib. Filialın Tələbə Elmi Cəmiyyətinin hər il keçirdiyi konfranslardan söz açan A.Rüstəmov builki mövzunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu söyləyib. Konfransın plenar iclasdan sonra bölmə iclasları ilə davam etdiriləcəyini, dörd bölmə olmaqla, hər bölmədə 11-dən 22-yə kimi məqalə və tezislərin təqdim olunduğunu söyləyib. Filial tələbələrinin elmi yaradıcılığının üzə çıxarılması baxımından bu elmi konfransın mühüm əhəmiyyət daşıdığını qeyd edərək bütün iştirakçılara uğurlar arzulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın əhəmiyyətini qeyd edən icra başçısı konfransa qatılmış gənclərə, konfransın işinə uğurlar arzulayıb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir” müdrik fikri diqqətə çatdıraraq bugünkü konfransın buna xidmət etdiyini söyləyib. İcra başçısı vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də yeni tarix adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratmış, gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırlamışdır. Çünki böyük lider Azərbaycanın işıqlı sabahına bütün varlığı ilə inanırdı. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin vaxtilə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” ifadəsi dövlətimizin bugünkü tərəqqisini və inkişafını əvvəlcədən görən böyük şəxsiyyətin uzaqgörən düşüncələrinin məhsuludur. Azərbaycana rəhbərliyinin bütün dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Heydər Əliyevin fəaliyyətinin təhlili göstərir ki, Ulu Öndər sanki gələcəyi görür, Azərbaycanın gələcək müstəqilliyi üçün hələ sovet dövründə mütəmadi iş aparmışdır. Bu ideyanın əsasında, ilk növbədə, yüksəkixtisaslı milli kadr potensialının yaradılması dayanırdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. İcra başçısı bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” devizini rəhbər tutaraq idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına da xüsusi qayğı ilə yanaşmış, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür. Bu sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən Ulu Öndər milli təhsil sisteminin inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, savadı ilə fərqlənən kadrların yetişdirilməsi Heydər Əliyevin fəaliyyətinin bütün dövründə əsas  vacib məsələlərdən biri olmuşdur. Rayon rəhbəri Ulu Öndərin rəhbər olduğu 1969-1982-ci illərdə 770-ə qədər məktəb binasının istifadəyə verildiyini, respublikada ali məktəblərin sayının 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayının isə 70 mindən 100 minə çatdırıldığını diqqətə çatdırıb. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızda ən çox ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil almasının təmin olunduğunu qeyd edib. 1969-cu ildə SSRİ-nin qabaqcıl ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayının 700 nəfərə çatdığını, 1975-ci ildən başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil almasının intensiv xarakter aldığını söyləyib. İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşmış, onların problemlərini həll etməyə çalışmışdır. Dahi şəxsiyyət gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmiş və gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etmişdir. Məhz gənclərimizin sağlam əqidəli, vətənpərvər Azərbaycan vətəndaşı kimi yetişdirilməsində Ulu Öndərin əməyi və xidmətləri danılmazdır. Ümummilli Liderin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin qəbul ediləcək yeni Konstitusiyanın məqsədləri, qaynaqları və mahiyyətinə aydınlıq gətirərək ölkə Konstitusiyası barədə söylədiyi “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” sözlərini səsləndirən icra başçısı bu gün bu sözlərin real əks olunduğunu söyləyib. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Əminliklə deyə bilərik ki, hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Bununla bağlı Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində qeyd etdiyi “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq” sözlərini bir daha xatırladan icra başçısı bütün bunlara görə qürurlandığımızı söyləyib. Rayon rəhbəri qeyd edib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq Respublika Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda qeyd edildiyi kimi, “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Rayon rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Respublikamızda bu ilin “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycan dövləti üçün yeni inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addım olmaqla, ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaqdır. Azərbaycanın əsl müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azəraycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz. Ümummilli Lider Heydər Əliyevin “Dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir və bu tarixi nailiyyəti qoruyub saxlamağı biz özümüzün ali vəzifəmiz, ən yüksək borcumuz hesab edirik” müdrik fikrini bir daha xatırladan icra başçısı gənclərə hər zaman Azərbaycanın adını uca tutmağı, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin daimi və dönməz olmasını ən ümdə iş hesab etmələrini tövsiyə edib. “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır”, - deyən rayon rəhbəri Ulu Öndərin əsasını qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcəyini, tarixi nailiyyətlərə imza atacağını qeyd edib.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Konfransın təşkilat komitəsinin sədr müavini Məmməd Yusifov, İctimai və təbiət fənləri kafedrasının müəllimi İndira Vəliyeva, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli, Filialın Hərbi hazırlıq və fiziki tərbiyə müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri, Vətən müharibəsi iştirakçısı, ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qılınc Cəfərov, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Gülər Məmmədli, Tarix müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Mələk Hacızadə çıxış edərək “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın əhəmiyyətindən söz açıblar. Çıxış edənlər müdrik xalqımızın bu il müəllifi Ulu Öndər Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəklərini vurğulayıblar. Bu baxımdan ölkə başçısının 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini bir daha dilə gətiriblər. Qeyd ediblər ki, müasir müstəqil dövlətçilik tariximizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıdığı üçün ölkəmizin keçmişi, bu günü və gələcəyinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün geniş bir fürsətdir. Xalqın təkidli tələbi ilə dahi rəhbərin yenidən Azərbaycanda rəhbərliyə qayıtması, misilsiz fədakarlıqla ölkəni ictimai-siyasi pərakəndəlikdən, tənəzzüldən xilas etməsi, dayanıqlı və davamlı inkişaf yolunu müəyyən edərək irimiqyaslı layihələrin həyata keçirilməsi üçün böyük səylə çalışması bu gün də xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Ulu Öndərin ən böyük xidmətlərindən birinin də məhz kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması işinin olduğunu söyləyiblər. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalardan ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi referendum yolu ilə qəbul edilmiş, noyabrın 27-də isə qüvvəyə minmiş. müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının mühüm sənəd kimi böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Məhz Ulu Öndərin 1996-cı il noyabr tarixli fərmanı ilə hər il noyabrın 12-sinin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməsini ali sənədə, qanunvericiliyə verilən dəyər kimi qiymətləndiriblər. Çıxış edənlər həmin Konstitusiyanın preambluasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının başlıca niyyətlərdən biri kimi bəyan edildiyini bildiriblər. 2020-ci ilin payızında başlayan Vətən müharibəsindəki Zəfəri və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olduğunu dilə gətiriblər. Dövlət başçısı İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini, bu günün Azərbaycan xalqının tarixinə hər il qürurla, iftixarla qeyd edəcəyi bayram günü kimi yazıldığını diqqətə çatdırıblar. Xalqımıza bəxş olunmuş bu günə görə ölkə başçısına razılıqlarını ifadə ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Dörd bölmə üzrə davam etdirilən konfransa 70-ə yaxın gənc öz yazıları ilə qatılıb.

Keçidlər