Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında “Azərbaycanın rəqəmsal inkişaf strategiyası və Təhsil” mövzusunda infosessiya keçirilib

06 mart 2026 | 23:30

Martın 6-da Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 2026-cı il “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Azərbaycanın rəqəmsal inkişaf strategiyası və Təhsil” mövzusunda infosessiya keçirilib. 

Filialın Heydər Əliyev auiditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın tələbələri, professor-müəllim heyəti, Qazax Dövlət Sosial İqtisadi Kollecin rəhbərliyi və müəllimləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, şəhər məktəblərinin direktorları iştirak ediblər.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq rayon rəhbərliyini və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq gənclərlə, tələbələrlə olan bugünkü görüşü, tələbələrin və müəllimlərin, təhsil işçilərinin qatıldığı bugünkü infosessiyada iştirak etməsini onlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov qeyd edib ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ali təhsil müəssisələrinin bu prosesə fəal şəkildə cəlb olunması, insan kapitalının müasir çağırışlara uyğun hazırlanması və tədris proqramlarının rəqəmsal iqtisadiyyatın tələblərinə adaptasiyası xüsusi olaraq vurğulanıb. Bugünkü infossesiyanın da məhz bu amala xidmət etdiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirdə iştirak edən qadınları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, müqəddəs Ramazan bayramı və qarşıdan gələn Novruz bayramı ilə əlaqədar səmimi ürək sözlərini çatdırıb. “Azərbaycanın rəqəmsal inkişaf strategiyası və Təhsil” mövzusunda keçirilən infosessiyanın əhəmiyyətindən söz açan icra başçısı iştirakçılara uğurlar arzulayıb. Rayon rəhbəri qeyd edib ki, Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. Bu mərhələ artıq yalnız neft-qaz strategiyası, nəqliyyat dəhlizləri və sənaye parkları ilə ölçülmür. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Danılmaz faktdır ki, texnologiya son onilliklərdə həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər yalnız sənaye və elm sahələrində istifadə olunan texnoloji yeniliklər indi hər bir insanın gündəlik həyatında mühüm rol oynayır. Smartfonlardan tutmuş süni intellekt sistemlərinə qədər texnologiya gündəlik qərarlarımızı, iş üsullarımızı və sosial münasibətlərimizi formalaşdırır. İnternetin yayılması ilə birlikdə insanlar artıq məlumat əldə etmək, ünsiyyət qurmaq və əylənmək üçün texnologiyaya müraciət edir. Mobil tətbiqlər və platformalar həyatımızı daha da rahat və səmərəli etməyə kömək edir. Eyni zamanda, texnologiya iş dünyasında, səhiyyədə, təhsildə və nəqliyyatda inqilabi dəyişikliklərə səbəb olur. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda da bu istiqamətdə müəyyən işlər görülmüş, dövlət proqramları qəbul olunaraq icra edilmişdir. Respublika Prezidentinin  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında 9 dekabr 2012-ci il tarixli, 800 nömrəli, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli 1325 nömrəli, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli 287 nömrəli fərmanları, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı bunu deməyə əsas verir. Bundan başqa, Prezident İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı il tarixdə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlət başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu, sadəcə texnoloji yenilənmə deyil, strateji seçimdir. Bütün bu proseslərin mərkəzində insan amili dayanır: “Rəqəmsal dövlət yalnız rəqəmsal nəsillə mümkündür. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi ən strateji fikirlərdən biri orta məktəblərdə süni intellektlə bağlı ilkin biliklərin tədris proqramına daxil edilməsinin vacibliyi idi. Dövlət başçısı vurğuladı ki, bu, uzunmüddətli prosesdir və gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Bu baxış qlobal təcrübə ilə tam səsləşir. Ölkəmizdə təhsil müəssisələrində süni intellektə dair biliklərin aşılanması yalnız proqramlaşdırma öyrətmək demək deyil. Bu, analitik düşüncə, problem həlletmə bacarığı, məlumat təhlükəsizliyi və rəqəmsal etik mədəniyyətin formalaşdırılması deməkdir. Şagird və ya tələbə süni intellektin mahiyyətini, imkanlarını və risklərini anlamalıdır. Bunun üçün müəllim hazırlığı, müasir tədris materialları və təhsil müəssisələrinin texniki təminatı gücləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin birbaşa dövlət nəzarətinə götürülməsi həm daxili strukturlara, həm də beynəlxalq tərəfdaşlara aydın mesajdır: Azərbaycan rəqəmsal gələcəyini planlı, sistemli və milli maraqlara əsaslanan şəkildə qurur. Bu yolun başlanğıcı artıq qoyulub və qarşıdakı illər ölkənin texnoloji sıçrayışının şahidi olacağıq.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək keçirilən infosessiyanın əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzulayıb.

Filialın Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyeva “Rəqəmsallaşma və süni intellekt: yaranma tarixi və tətbiqi imkanları”, İctimai və təbiət fənləri kafedrasının müəllimləri Günay Binnətova “Təhsildə süni intellektin rolu”, Nurlan Quliyev “Süni intellekt: Əmək bazarında yeni eranın başlanğıcı” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlar slaydlar vasitəsilə təqdim olunub.

Tədbirin sonunda filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış edərək bu istiqamətlə keçiriləcək növbəti sessiyanın gündəliyi haqqında məlumat verib.

Keçidlər