Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib

24 aprel 2024 | 23:27

Aprelin 24-də Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə” mövzularında maarifləndirici tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq qeyd olunan mövzular ətrafında maarifləndirici söhbət aparılıb.

Qazax Rayon İcra Hakimiyyəti və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Qazax Rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanların profilaktiki işinin təşkili qrupunun inspektoru Ramin Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Psixiatriya Xəstəxanasının narkoloq həkimi Nahidə Osmanova, filialın tələbələri, əməkdaşları iştirak ediblər. 

Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, qeyd olunan zərərli vərdişlərdən tələbələrin uzaq durmasında bu kimi maarifləndirici tədbirlərin mühüm rol oynadığını qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə, eləcə də məişət zorakılığı ilə bağlı həyata keçirilən mübarizə tədbirlərini tələbələrin bir daha diqqətinə çatdırmaq olduğunu qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən Dövlət Proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. G.Həsənova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikah və məişət zorakılığı ilə bağlı mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. Müavin narkomaniyanın, erkən nikah, məişət zorakılığı və onların cəmiyyət üçün yaratdığı fəsadlardan və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. G.Həsənova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb.     

Qazax RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova “Erkən nikah və onun fəsadları”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov “Dini radikalizmə qarşı mübarizə”, Qazax Psixiatriya Xəstəxanasının narkoloq həkimi Nahidə Orucova “Narkotik vasitələrin orqanizmdə yaratdığı problemlər və narkomaniyaya qarşı mübarizə”, Qazax Rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanların profilaktiki işinin təşkili qrupunun inspektoru Ramin Sadıqov “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, BDU-nun Qazax filialında İctimai və təbiət fənləri kafedrasının müəllimi Günay Binnətova “Qadın zorakılığına qarşı mübarizə” mövzularında çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Keçidlər