Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

22 iyun 2024 | 22:10

2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetinin Qazax filialını 42 şəhər və rayon üzrə 370 nəfər (əyani şöbə üzrə 342, qiyabi şöbə üzrə 28) tələbə bitirir. Həmin tələbələrdən əyani şöbə üzrə 45 nəfər tələbə, qiyabi şöbə üzrə 8 nəfər tələbə buraxılış işi müdafiəsində iştirak edəcəkdir. Yekun dövlət attestasiyasında isə əyani şöbə üzrə 78 nəfər tələbə, qiyabi şöbə üzrə 20 nəfər tələbə imtahan verəcəkdir. Həmçinin, filialı bitirəcək 370 nəfər tələbədən 151 nəfəri (91 nəfər 5-ci kurs tələbəsi, 50 nəfəri isə passiv tələbə) buraxılış işi və Yekun Dövlət Attestasiyasında iştirak edəcək. 219 nəfər tələbə isə yekun təcrübə hesabatları verəcəkdir.

İynun 22-də Bakı Dövlət Universitetinin Qazax filialında "Məzun günü” tədbiri keçirilib. Filialın qarşısında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, ali təhsil ocağının professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək qonaqları və məzunları salamlayıb, səmimi ürək sözlərini çatdırıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Filialın direktoru, dosent Arif Rüstəmov çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını səsləndirib. A.Rüstəmov “Bu gün BDU-nun Qazax filialının tələbələrinin növbəti məzun günü keçirilir. Tələbələrimizin bir hissəsi artıq ali təhsillərini başa vuraraq yeni, ali təhsilli mütəxəssis statusu alırlar. Tələbələrimizə hər zaman bir tövsiyəmiz vardı ki, təhsil aldığınız müddətdə yaxşı nəticələr göstərin. Çünki sizin nəticələriniz bizim göstəricimizdir. Bu gün qürurverici haldır ki, BDU-nun Qazax filialını tələbələrimiz yüksək göstəricilərlə bitirirlər. Ən əsası da sizlərin bundan sonrakı həyatınızda əldə etdiyiniz uğurlar, nailiyyətlər filialımızın adı ilə bağlıdır və bizim uğurumuz olacaqdır. Sizlərə gözəl, peşəkar mütəxəssis olmağı, ölkəsinə, xalqına, Vətəninə layiqli vətəndaş olmağı arzu edirəm. Hər an sizlərin uğurlarınızı gözləyərək filial rəhbərliyi olaraq qürurlanacağıq. Valideynləriniz qədər əldə etdiyiniz nailiyyətlərə baxıb sevinəcəyik. Ümid edirəm ki, sizlərə olan ümidlərimiz hər zaman özünü doğruldacaqdır”, - deyə fikirlərini çatdırıb. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü görüşü, tələbələrin xoş günündə onların yanında olmasını, məzun günündə iştirak etməsini həmin qayğının bariz nümunəsi kimi qiymətəndirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək məzunları, onların valideynlərini, müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Məzunlara gələcək işlərində, fəaliyyətlərində, yenicə qədəm qoyduqları həyatlarında uğurlar arzulayıb. Rayon rəhbəri Bakı Dövlət Universitetinin Qazax filialında vaxtilə təhsil almış filialın şəhid məzunları  Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun və 19-20 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış, Vətən müharibəsindəki şücaətinə görə "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən müharibəsi işirakçısı” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş baş leytenant Orucov Niftalı Qəfər oğlunun xatirəsini dərin ehtiramla yad edib, onların əziz xatirələrinin daim qəlblərdə yaşağacağını söyləyib. İcra başçısı qeyd edib ki, bu gün 42 şəhər və rayon üzrə 370 nəfər tələbənin Bakı Dövlət Universitetinin Qazax filialından məzun olması bu ali təhsil ocağının uğuru, nailiyyətidir. Ən əsası da qürurverici olan odur ki, məzun adını qazanan tələbələrimiz bu ali təhsil ocağında şəffaf şəkildə yüksək səviyyədə təhsil alaraq yeni həyata qədəm qoyurlar. “Əziz gənclər bizim gələcəyimiz sizin əlinizdədir. Hər zaman arzu edirik ki, siz gənclərin gələcəyi parlaq olsun. Bu gün ölkəmizdə gənclərə yüksək dövlət qayğısı var. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə daim qayğı göstərilir, onların yüksəkixtisaslı kadrlar kimi yetişməsi istiqamətində lazımi addımlar atılır. Sevindirici haldır ki, gənclərimiz onlara olan etimadı hər zaman doğruldurlar. Sizlərin filialda təhsil aldığınız müddətdə təhsil almağınızla yanaşı, könüllü kimi fəaliyyətiniz də bunu bir daha təsdiq etdi” – deyə fikirlərini ifadə edən rayon rəhbəri bütün məzunlara bir daha gələcək həyatlarında uğurlar arzulayıb.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayaraq səmimi ürək sözlərini bölüşüb. “Ölkə paytaxtından uzaqda, 168 km düşmənlə həmsərhəd olan, tarixlə müasirliyi özündə birləşdirən, təhsil, mədəniyyət beşiyi sayılan Qazaxda yerləşən ali təhsil ocağında təhsil aldığınız və buradan məzun olduğunuz üçün qürurlusunuz. Bu qüruru sizlərə yaşadan Azərbaycan dövləti, ölkə Prezidenti İlham Əliyev və onun siz gənclərə olan qayğısıdır. BDU-nun Qazax filialının kollektivi olaraq sizlərə verdiyimiz təhsilin, sizlərə olan yanaşmanın harada olmağınızdan asılı olmayaraq vətəndaş kimi, peşəkar kadr kimi yetişməyinizdə mühüm rol oynacağına və sizlərin bu ali təhsil ocağının adını daim yüksək tutacağınıza əminik. Bu gün həyatınızda bir hissənin sonu, digər bir mərhələnin isə başlanğıcıdır”, - söyləyən M.Yusifov bütün məzunlara bu yolda uğurlar arzulayıb.

Filialın Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov çıxış edərək məzunlara təbriklərini çatdırıb, xoş arzularını səsləndirib. “Bu gündən sizlər yeni bir həyata qədəm qoyursunuz. Əsas işiniz xalqınıza xidmət etməkdir. Xalqınıza xidmət etmək üçün ixtisasınızla yanaşı, tariximizi də gözəl bilməlisiniz. Ən əsası da Vətəninizi və xalqınızı sevməlisiniz. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, təhsil millətin gələcəyidir. Təhsilimizin inkişafı naminə siz gənclərin üzərinə böyük məsuliyyət düşür”, - deyən H.Xəlilov bu yolda məzunlara daim uğur qazanmalarını arzu edib.

Filialın Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi, məzun Könül Butayeva çıxış edərək məzunlar adından təbriklərini çatdırıb, ürək sözlərini səsləndirib. “Bu günə qədər qazandığım nailiyyətlər və uğurların hamısı məhz filialın müəllim kollektivi sayəsində olmuşdur. Özümə borc bildim ki, bu gün üzərimizdə əməyi olan müəllimlərimizə məzunlarımız adından minnətdarlığımı bildirim. Bu gün rayon rəhbərliyinin bizlərlə bir yerdə olması, hər zaman olduğu kimi, bu gün də yanımızda dayanması biz məzunları çox sevindirdi. Hər zaman yanımızda olan, bizlərdən qayğısını əsirgəməyən rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk. Təhsilin keyfiyyətinə görə universitetlər arasında seçilən BDU-nun Qazax filialında yaradılan şəffaflığa, tələbələrə olan qayğıya görə direktor Arif Rüstəmov başda olmaqla, bütün professor-müəllim heyətinə, müəllimlərimizə təşəkkür edirik. Peşəkar tarixçi kimi yetişməyimdə əməyi olan tarix kafedrasının bütün müəllimlərinə minnətdaram. Bu gün həm sevincliyik, həm də kədərliyik. Sevincliyik ona görə ki, peşəkar kadr kimi formalaşıb gələcək həyata qədəm qoyuruq. Kədərlənirik ki, bizlərə daim qayğı göstərən müəllimlərimizdən və siz əziz tələbə yoldaşlarımızdan ayrılırıq. Lakin bu, son deyil. Hər son yeni bir başlanğıcdır”.

Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin fizika müəllimi, filialın Kimya və biologiya müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Türkan Camalovanın valideyni Sevda Məhərrəmova çıxış edərək övladının timsalında bütün məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb. “Mən özüm 1986-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. Bu gün isə qızım Türkan vaxtilə təhsil aldığım universitetin Qazax filialını fərqlənmə diplomu ilə bitirir. Valideyn olaraq qürurlanırıam ki, Vətəninə, xalqına layiqli şəkildə yetişən bir övlad böyütmüşəm. Övladımın bugünkü uğuruna görə filialın professor-müəllim heyətinə minnətdaram. Filialda olan obyektivliyə, şəffaflığa görə təşəkkür edirəm ki, gənclərimiz bu ali təhsil ocağında məhz bu mühitdə təhsil aldılar”. S.Məhərrəmova valideyn olaraq gənclərə, xüsusilə də filialda təhsil alan tələbələrə göstərdiyi qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.

Digər çıxış edən tələbələr də məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib, təhsil müddətində yaradılan yüksək şəraitə görə filialın direktoru A.Rüstəmova, müəllimlərə öz dərin minnətdarlıqlarını bildiriblər. Təhsil aldıqları müddətdə olara göstərilən qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

Tədbirdə filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna Təşəkkürnamələr təqdim olunub. Filialın 2 nəfər məzunu isə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsində aktiv könüllülük fəaliyyəti göstərdiyinə görə Fəxri Fərmanla təltif edilib.

Sonra “Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.

Keçidlər