BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda Nə?, Harada?, Nə zaman? formatlı intellektual yarış keçirilib
Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında da mütəmadi olaraq tədbirlər təşkil edilir.
Növbəti tədbir aprelin 18-də gerçəkləşib. Filialda tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda Nə?, Harada?, Nə zaman? formatlı intellektual yarış keçirilib.
Yarışı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın müəllimləri və münsiflər heyəti izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında antiterror tədbirlərində düşmən üzərində qazandığımız tarixi Zəfərimizin regionda və dünyada yeniliklərə yol açdığını, Azərbaycanın gücünü, qüdrətini dünyaya bəyan etdiyini söyləyib. Müəllifi Ulu Öndər olan, 1995-ci ildə qəbul edilən Konstitusiyamızın Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyində əsas rol oynadığını bildirib. Bu gün Azərbaycan vətəndaşı olaraq hər birimizin müasir, müstəqil ölkəmizin uğurlarına, regionda və dünyada söz sahibliyinə nail olması, sözünün də imzası qədər əhəmiyyətli olması ilə fəxr etdiyimizi vurğulayıb. Natiq bu baxımdan “Konstitusiya və Suverenlik İli”nin böyük məna kəsb etdiyini bildirərək iştirakçılara uğurlar arzulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva çıxış edərək yarış iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva Azərbaycan xalqının bu gün əsrlər boyunca arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahib olduğunu diqqətə çatdırıb. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı, canı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu, ölkə ərazisində Konstitusiya quruluşumuzun bərqərar edildiyini vurğulayıb. O, bütün bunlara görə Müzəffər Ali Baş Komnandan İlham Əliyevə, igid Vətən oğullarına borclu və minnətdar olduğumuzu söyləyib. G.Quluyeva xalq olaraq bu il müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcəyimizi bildirib. Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini bu istiqamətdə atılan böyük töhfə olduğunu qeyd edib. Bu Sərəncamın icrasından irəli gələn Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü intellektual yarışın Zəfər tariximizin və Konstitusiyamızın təbliğ edilməsində mühüm əhəmiyyət daşıdığını söyləyib və iştirakçılara uğurlar arzulayıb.
Münsiflər heyətinin üzvü, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, FTCH ixtisasının III kurs tələbəsi, qazi Qılınc Cəfərov çıxış edərək yarışın qaydaları haqqında məlumat verib.
Yarışa ümumilikdə, 12 komanda - “Bayraqdarlar”, “Xəmsə”, “Ədalət qalası”, “Tarixçilər”, “Göyəzən”, “Laçın”, “Ulduzlar”, “Şuşa”, “Xocalı sədası”, “Qartal”, “Zəfər”, “Xarı bülbül” adlı komandalar qatılıb. Yarış hər komandada 5 nəfər olmaqla, ümumilikdə 60 gənci əhatə edib.
Yarış 2 turda təşkil olunub və hər turda 6 komanda iştirak edib. Yarış iştirakçılarına Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında müxtəlif mövzularda suallar ünvanlanıb.
20 sualın təqdim olunduğu 1-ci turda iştirak edən komandalar içərisində “Bayraqdarlar” və “Göyəzən” komandaları final turuna vəsiqə qazanıb. O cümlədən 2-ci turda iştirak edən 6 komandadan 2 komanda - “Xarıbülbül” və “Xocalı sədası” finala vəsiqə qazanan komandalar olub.
Final turunda 4 komanda iştirak edib ki, onlar üçün 15 sual səsləndirilib. Yekun nəticələrə əsasən “Bayraqdarlar” komandası 1-ci yerə, “Göyəzən” komandası 2-ci yerə, “Xocalı sədası” komandası 3-cü yerə layiq görülüblər. Həvəsləndirici yerin sahibi isə “Xarıbülbül” komandası olub.
Sonda qalib komandalar filial rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunaraq mükafatlandırılıblar.