Şriftin ölçüsü :

Saytın rəngi :

BDU Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib

27 oktyabr 2022 | 18:18

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başladığı və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi hərb tariximizə, eləcə də xalqımızın yaddaşına əbədi həkk olundu. Noyabrın 8-i Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Bu gün böyük Zəfərə görə xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, rəşadətli ordumuzun əsgər və zabitlərinə, qəhrəman Vətən oğullarına, canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.

8 Noyabr – Zəfər Günü Bakı Dövlət Universitetinin Qazax filialında da silsilə tədbirlərlə qeyd olunur.

Əlamətdar günə həsr olunmuş BDU-nun Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri arasında sərbəst güləş üzrə rayon turniri keçirilib.

Turnirdə Universitetin və Kollecin 34 nəfər tələbəsi mübarizə aparıb.

Oktyabrın 27-də filialın idman zalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə turnirin final mərhələsi keçirilib.

Final görüşünü Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov,  Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə əlilləri, filialın müəllim-tələbə kollektivi də izləyiblər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun, xalqımızın misilsiz qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin igidliyi sayəsində tarixi ədalətin bərpa olunduğu qeyd olunub. Dövlətimiz tərəfindən hər zaman Azərbaycanın mübariz övladlarının şücaətinin yüksək qiymətləndirildiyi, xalq olaraq qəhrəman oğullarımıza minnətdar olduğumuz bir daha dilə gətirilib. Təşkil olunmuş turnirin vətənpərvərlik nümunəsi olduğu qeyd edilib.

Sonra final görüşlərinə start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qaliblər bəlli olub. 6 çəki dərəcəsində 18 nəfər tələbə mükafatlandırılıb.

61 kq çəki dərəcəsində Ruslan Əliyev I, Rəvan Pənahlı II, Elcan Məmmədov III yerin qalibi olublar. 65 kq çəki dərəcəsində Turxan Qasımov I, Yusif Qurbanlı II, Ceyhun Binəndə III yerə layiq görülüblər. 70 kq çəki dərəcəsində Həsən Abbaslı I, Əli Novruzov II, Orxan Əlişov III yeri tutublar. 74 kq çəki dərəcəsində yarışın birincisi Ruzigar Əsgərov, ikincisi Şamil Murğuzov, üçüncüsü Maksim Məmmədzadə olub. 79 kq çəki dərəcəsində Ruslan Məmmədəliyev I, Səbuhi Musayev II, Nurlan Hacalıyev III yeri qazanıblar. 86 kq çəki dərəcəsində Sabir Vəliyev I, Cavid Əmiraslanov II, Oktay Bənnayev III yeri əldə ediblər.

Qaliblərə BDU-nun Qazax filialı tərəfindən hazırlanmış Fəxri Fərmanlar təqdim edilib. Fəxri Fərmanları qaliblərə şəhid ailələri təqdim ediblər.

Tədbirdə Türkiyənin Antalya şəhərində Qol güləşi üzrə keçirilən dünya birinciliyində II yeri tutmuş filialın Sosial iş ixtisası üzrə III kurs tələbəsi Sayad Mustafazadəyə qazandığı medal və Fəxri Fərman təqdim olunub.

Keçidlər