Bu ay üzrə keçirilən sonuncu səyyar görüş Kosalar kənd sakinləri ilə olub
Cənab Prezident İlham Əliyevin ölkəmizdə vətəndaşlara göstərdiyi diqqət və qayğı hər bir sahədə özünü göstərir. Ən əsası da ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu göstərir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Və bu, hər bir dövlət məmuru üçün örnəkdir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu məqsədə xidmət edir.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Bu ay üzrə keçirilən sonuncu səyyar görüş aprelin 28-də Kosalar kənd sakinləri ilə olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, on bir ayın sultanı olan Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında respublikamızın bölgələrində, o cümlədən Qazaxda aparılan quruculuq işlərinin geniş miqyas aldığını bildirib. Təhsil, səhiyyə, mədəniyyət, eləcə də bir çox sahədə uğurlu addımların atıldığını söyləyib.
İcra başçısı bütün sahələrdə olduğu kimi səhiyyə sahəsinin də daim diqqət mərkəzində saxlanıldığını bildirib. Ölkə başçısının qayğısı sayəsində Qazaxda inşa olunan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksini bu sahədə çalışan insanlara olan ən böyük töhfə kimi dəyərləndirib.
Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Kosalar yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi bildirib.
Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.
Son illər rayonun bütün kəndlərində olduğu kimi, Kosalar kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Kosalar kəndində suvarma suyunun yaxşılaşdırıldığını bildirən icra başçısı bu işdə arx və kanallarda aparılan təmizlik işlərinin də böyük rol oynadığını bildirib.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır.
İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev də təmir olunur. Məşədi İbrahimin yaşadığı mülkün təmir olunması da təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.
İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan üçünün məhz Kosalar kəndində olduğunu bildirib.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışan icra başçısı həmin işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. Qeyd edib ki, məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə rayonda COVID-19 xəstəliyindən 72 nəfər dünyasını dəyişib. Ağır günlərin arxada qaldığını, bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb.
2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Bütün şəhidlərimizin xalqımızın, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İcra başçısı rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin bariz nümunəsi olaraq qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılmasını, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksini, ətrafında salınmış parkı şəhidlərimizə olan hörmət və etiramın göstəricisi kimi qiymətləndirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Kosalar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.
Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğumuzu söyləyib.
"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Kənd sakinlərindən Əməkdar məşqçi Tariyel Nəsibov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, şair Barat Vüsal, şair Cavanşir Rüstəm, Şahbəddin Hacıyev onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son illər rayonda, eləcə də Kosalar kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Kənddə 3 uşaq bağçasının yüksək səviyyədə təmir olunmasını, yeni asfalt yolun çəkilməsini, məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, məktəbin həyətində güləş zalının tikilməsini, eləcə də aparılan bütün abadlıq və quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Kosalar kənd sənətkarlıq klubunun, kitabxana filialının əsaslı təmir olunması, Kosalar kənd sakini xeyriyyəçi Məşədi İbrahimin qəbirüstü abidəsinin yenidən qurulması, kənddə “Aydınlılar” adlanan məhəllədə 250 ailəni keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün yeni transformatorun qoyulması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.