Bu gün döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi “Azərbaycan Bayrağı” ordenli kiçik gizir Röyal Mədətovun adını əbədiləşdirən ikinci bulağın açılışı olub
2020-ci il Qələbə, Zəfər ili kimi hərb tariximizə və xalqımızın yaddaşına əbədi həkk olundu. 27 sentyabrda başlayan Vətən müharibəsində qazandığımız Qələbəni bizlərə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 44 günlük Vətən müharibəsində 30 illik yurd, torpaq həsrətinə son qoyuldu. Qalib ölkənin vətəndaşı olaraq bu gün də Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayır, bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq.
Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşən, yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazan və 28 yaşında Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Xüsusi Təyinatlı Dəstənin kiçik giziri Mədətov Röyal Şahin oğludur.
Bütün şəhidlərimiz kimi döyüş yoldaşlarının “Qara qartal" ləqəbi verdiyi, göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlu Röyal Mədətovun da adı əbədiləşdirilib. Ötən il şəhidimizin doğulub boya-başa çatdığı Hüseynbəyli kəndinə gedən yolun kənarında (şəhərin Əliağa Şıxlinski küçəsi) adını əbədiləşdirən bulaq inşa olunmuş, həmin bulağın yanında dayanacaq qoyulmuşdu.
Şəhidimizin ailəsi tərəfindən böyüdüyü Hüseynbəyli kəndində, kənd məktəbinin qarşısında daha bir bulaq inşa edilib, həmin bulağın yanında dayanacaq tikilib.
Oktyabrın 24-də, qəhrəman şəhidimizin ildönümündə yolun kənarında inşa olunan həmin bulağın və dayanacağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparaının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.
Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Röyalın sıravi bir vətəndaş, gənc deyil, uşaq yaşlarından əsl vətənpərvər kimi yetişmiş bir qəhrəman olduğunu bildirib. Öz canını torpağa qurban verən igid Vətən oğlunun döyüş yolundan, göstərdiyi igidlikdən söz açan icra başçısı onun 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazdığını, onun döyüş yolunun bundan sonra gələcək nəsillərə örnək olacağını qeyd edib. Şəhidimizin göstərdiyi igidiliyin Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən icra başçısı onun ölümündən sonra bir orden və altı medalla təltif olunduğunu vurğulayıb. Bütün bunların qəhrəman şəhidimizin 44 gündə keçdiyi döyüş yolundan, onun necə igid, qorxmaz, vətənpərvər bir oğul olmasından xəbər verdiyini söyləyib.
“44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabrdan 8 Noyabr – Zəfər Gününə kimi Müzəffər Ali Baş Komandan İlham Əliyev hər gün xalqa Qələbə xəbərləri, müjdələri verir, torpaqlarımızın düşmən tapdağından azad olunduğunu elan edirdi. Bu gün Röyal kimi igidlərin azad etdikləri o torpaqlarda abadlıq və quruculuq işləri həyata keçirilir. Qarabağ yenidən cənnətə çevrilir. Qazanılan həmin Qələbədə Röyal kimi igid oğullarımızın payı var, buna görə biz xalq və vətəndaş olaraq onlara borcluyuq”, - deyən rayon rəhbəri illər ötsə belə qəhrəman şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin unudulmayacağını qeyd edib.
Rayon rəhbəri Vətənin azadlığı uğrunda canını fəda edən Röyal Mədətovun təkcə ailəsinin deyil, bütöv Azərbaycanın, doğma Qazax elinin övladı, əzizi olduğunu bildirib. İcra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Röyal Mədətovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
İcra başçısı bildirib ki, şəhidlərimizə, onların ailələrinə qayğı göstərmək hər bir vətəndaşın üzərinə düşən vəzifə olmalıdır. Hər kəs şəhidlərimizin məzarını ziyarətgah bilib daim ziyarət etməli, ailəsinə baş çəkməli və bunun məsuliyyətini dərk etməlidir.
“Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
İcra başçısı ailəsi tərəfindən tikilən və açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Bulağın və dayanacağın tikilməyində əziyyəti keçən insanlara razılığını bildirən icra başçısı bunun hər birimiz üçün örnək olduğunu vurğulayıb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, qəhrəman şəhidimiz haqqında ürək sözlərini bölüşüb. “2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək 44 gün ərzində mənfur düşmənlərimizi torpaqlarımızdan qovdular. Qələbə qazandılar və tarix yazdılar. Ölkə Prezidentinin də çıxışında qeyd etdiyi kimi, bu Qələbəni bizə şəhidlərimiz, qazilərimiz və Azərbaycan əsgəri bəxş etdi. Həmin qəhrəmanlardan biri də Röyal Mədətovdur. Şəhidlərimizin hər biri bir qəhrəman idi, o cümlədən də Röyal Mədətov. O, öz igidliyini həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində göstərdi”, - deyən şəhid atası xalqımız var olduqca Röyal kimi oğullarımızın qəlblərdə yaşayacağını söyləyib. Şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Ötən 2 il müddətində daim şəhid ailələrinin yanında olmasına görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Şəhidimizin vaxtilə təhsil aldığı Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Röyalın təkcə ailəsinin, anasının deyil, ona dərs deyən bütün müəllimlərinin övladı olduğunu söyləyib. Röyalın ölümü ilə ölməzlik qazandığını, uca bir zirvəyə - Şəhidlik zirvəsinə ucaldığını qeyd edib. İgid Vətən oğlunun hər an qəlblərdə yaşadığını və bundan sonra da yaşayacağını bildirib. Qəhrəman şəhidimizin məktəb illərindən söz açan M.Abbasova onun bacısı Günayla birlikdə birinci sinifə qədəm qoyduğu günü, ilk gündən yaşıdlarından necə fərqləndiyini bu gün də xatırladığını bildirib. Röyalın bacısı ilə həm parta, həm sinif, həm də yol yoldaşı olduğunu vurğulayıb. Məktəb direktoru qeyd edib ki, Röyal birinci sinifdə əlifbanın bütün hərflərini öyrəndikdən sonra dəftərə yazdığı Ana və Vətən kəlmələrini həm də ürəyinə yazdı, bir-birindən ayırmadı, hər ikisini eyni dərəcədə sevdi, Ananı Vətənsiz, Vətəni də Anasız təsəvvür etməyin mümkün olmadığını elə ilk gündən dərk etdi. Məktəb direktoru Röyalın məktəb illərində öyrəndiyi fənlərin içərisində Azərbaycan tarixini, idmanı və hərbini daha mükəmməl öyrənməyə can atdığını söyləyib. Tariximizi öyrənməklə xalqımızın başına gətirilən müsibətləri hər zaman ürək ağrısı ilə qəbul edər və bir gün qisas alacağını hər dəfə qeyd edərdi. Məktəbi bitirəndə yoldaşları kimi ali təhsil almağı deyil, Vətənə olan borcunu qaytarmağı qarşıya məqsəd qoydu. Bəli, Röyal Mədətov hərbi xidməti seçdi, ali məktəbi deyil. Hərbi xidmətini başa vurduqdan sonra da Vətənin keşiyində dayanmağı özünə əsas həyat amalı bildi. Röyal istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində yaralansa da döyüşməkdən bir an belə geri çəkilmədi. Bu gün Röyal məktəbimizin şagirdi olaraq bizlərə elə bir örnək, nümunə qoyub getdi ki, illər ötsə belə o nümunədən öyrənəcəyimiz çox şey var. Rəhbərlik etdiyi məktəbin kollektivi olaraq məktəbin yetirmələri olan şəhid Röyal Mədətovla, eləcə də qazilərdən Cəfər Cəfərovla, Xaliq Həsənovla, Tacəddin Məmmədovla, Rəşid Yusifovla fəxr etdiklərini bildirib. M.Abbasova məktəbin şəhid məzunu Röyal Mədətovun müəllimlərinin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. O məsuliyyət ki, daim Röyalı yad etmək, yaşatmaq və gələcək nəsillərə örnək göstərmək.
Hüseynbəyli kənd tam orta məktəbində şəhidimizin ibtidai sinif müəllimi olmuş Aftaf Qasımova çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. Aftaf müəllimə qeyd edir ki:
- Röyal məktəbə qədəm qoyduğu ilk gündən fərqlənirdi. Vətənpərvərliyi, torpağa olan sevgisi ilə hər zaman seçilirdi. Vətənini, elini, obasını sevən, böyüyün, kiçiyin yerini bilən bir oğul idi. Röyal igidliyi, qorxmazlığı ilə ən uca zirvəyə yüksəldi, Şəhidlik zirvəsinə qalxdı. Daim o zirvədə qalacaq, nə qədər Azərbaycan xalqı var Röyal Mədətov da hər zaman yaşayacaq.
Kənd ağsaqqalı Novruz Alıcanov çıxış edərək bu gün tarixi bir gün olduğunu bildirib. “Röyal bizim gözümüzün qarşısında böyümüşdü. O, həmişə öz hərəkəti, tərbiyəsi, oxumağı, elə, obaya, ağsaqqala, ağbirçəyə qoyduğu hörmətlə seçilirdi. Bu seçim onu düzgün yola apardı. O, Vətən, torpaqlarımız, namus, qeyrət uğrunda öz canından keçdi. Aprel döyüşlərində yaralanmışdı, yaraları sağalmadan yenidən cəbhəni seçdi. Bütün döyüşlərdə Vətəni canından üstün tutdu. Röyal kimi igid oğullar şəhid oldular ki, Azərbaycan xalqı yaşasın. Bu gün Röyal təkcə bu kəndin, bu ailənin deyil, bütöv Azərbaycanın oğludur”, - deyən N.Alıcanov bütün şəhidlərimizlə fəxr etdiyini qeyd edib.
Hüseynbəyli kənd tam orta məktəbində riyaziyyat müəllimi, şəhidimizin 5-11-ci siniflər üzrə sinif rəhbəri olmuş Elman Xuduyev də çıxış edərək igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıb. Şəhid anaları qarşısında baş əydiyini söyləyib. Röyalın qısa ömür yaşasa da, şərəfli bir ömür yaşadığını qeyd edib. Məktəbə, müəllimlərə olan hörməti ilə hər zaman nümunəvi şagird kimi seçilirdi. Röyal idmana meyilli uşaq idi, heç vaxt əziyyət çəkməkdən qorxmazdı. İctimai işlərdə fəal iştirak edən, məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqlarda hər zaman öndə getməyi sevən bir şagird idi. Elman müəllim şagirdi Röyalla həmişə fəxr etdiyini bildirib. Bundan sonra da onun döyüş meydanında göstərdiyi qəhrəmanlığı, şücaəti eşitdikcə onunla bir daha qürur duyacağını söyləyib.
Sonra Hüseynbəyli kənd tam orta məktəbin 8-ci sinif şagirdləri İnarə Kərimova, Ləman Abdullayeva, Nərmin Şabanova, Səadət Şükürova, 10-cu sinif şagirdi Səmayə Fərzəliyeva, 6-cı sinif şagirdləri Ədalət Murtuzəliyev, Nazilə Nəbiyeva şəhidimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid anası Zərifə Cəlilova oğlu Röyalın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Röyalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. Bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Tədbirdə “Telli Sənəm” jurnalının igid Vətən oğluna həsr etdiyi xüsusi buraxılışı şəhidimizin anasına təqdim edilib.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Kiçik gizir Mədətov Röyal Şahin oğlu
Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.
Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.