Bu gün Qazaxda şəhid Məmməd Mərdanovun doğulduğu Xanlıqlar kəndində adını əbədiləşdirən bulağın açılışı olub
Qazaxda bütün şəhidlərimiz kimi, 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək Şəhidlik zivəsinə yüksələn Mərdanov Məmməd Ələddin oğlunun da adı əbədiləşdirilib.
Şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində adını əbədiləşdirən bulaq inşa olunub. Mayın 23-də qəhrəman şəhidimizin adını daşıyan həmin bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə çalışdığı Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, kənd ağsaqqalları, ziyalıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını bildirib. İcra başçısı şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qazax rayonunun Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər şəhid verdiyini qeyd edərək bütün şəhidlərimizin, eləcə də şəhid Məmməd Mərdanovun xatirəsinin daim əziz tutulduğunu bildirib. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci Qarabağ və Vətən müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, - deyən icra başçısı igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu qeyd edib. Rayon rəhbəri şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına işğaldan azad edilmiş torpaqlarımızda bu gün genişmiqyaslı abadlıq işlərinin aparıldığını, qısa zaman kəsiyində həmin şəhər və rayonlarımızın yenidən cənnətə çevriləcəyini söyləyib. “Şəhid Məmməd Mərdanov doğma torpağımız olan Barxudarlı və Sofulu kəndlərinə öz texnikası ilə yol açarkən şirin canından keçdi. Onun qorxmazlığı, qəhrəmanlığı, torpaq, yurd sevgisi gələcək nəsillərə örnəkdir”, - deyən icra başçısı illər ötsə belə şəhidimizin qəlblərdə əbədi yaşayacağını bildirib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksini, ətrafında salınmış parkı həmin işlərin bariz nümunəsi olaraq qeyd edib. İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. B.Vüsal qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz tarixi Zəfərimizə görə ordumuza, əsgər və zabitlərimizə borcluyuq. Bu gün xalq olaraq biz də Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq. B.Vüsal tarixən şairlər, sərkərdələr yurdu kimi tanınan Qazax torpağının Məmməd kimi igid oğullarımızın sayəsində bir daha qəhrəmanlar yurdu kimi tanındığını bildirib. Ölkə Prezidentinin şəhid ailələrinə, qazilərimizə olan qayğısının Qazaxda olduğu kimi icra olunmasını yüksək qiymətləndirən B.Vüsal buna görə rayon rəhbərliyinə minnətdarlığını ifadə edib. "Yenilməz ordu” adlı şeirini səsləndirən B.Vüsal sonda şəhidimizi bir daha ehtiramla anıb.
44 günlük Vətən müharibəsində iştirak edən, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş III dərəcəli Vətən müharibəsi əlili leytenant Tural Vəliyev çıxış edərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə minnətdarlıq edib. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq Əmrinə əsasən Xidmətin Qazax Rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi vəzifəsinə təyin edilməsini özünün timsalında qazilərə olan dövlət qayğısı kimi qiymətləndirib.
Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. “Məmməd vətənpərvər oğul idi. Vətənə, torpağa olan sevgisini ötən il sentyabrın 22-də Barxudarlı və Sofuluya yol açarkən bir daha nümayiş etdirdi. Məmmədin Vətənə olan sevgisi bu gün onu ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəltdi”, - deyən X.Hüseynxanova bu gün Vətənin oğlu olan Məmmədlə, Azərbaycan xalqının hər bir üzvünü Qarabağlı edən bütün şəhidlərimizlə qürur duyduğunu, fəxr etdiyini qeyd edib. Şuşaya etdiyi səfərdən söz açan X.Hüseynxanova yaşadığı qürurlu, sevincli anlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğunu vurğulayıb.
Şəhidimizin vaxtilə çalışdığı Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov çıxış edərək igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib. M.Mərdanov haqqında ürək sözlərini bölüşən idarə rəisi onun işlədiyi dövrdə zəhmətkeşliyi, vətənpərvərliyi, yoldaşlarına sədaqəti ilə seçilən bir insan olduğunu vurğulayb. Çalışdığı kollektivin M.Mərdanovu bu gün də ən ülvi hsslərlə yad etdiklərini, xatirəsini daim əziz tutduqlarını söyləyib.
Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. “Bu gün başda Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rayon rəhbərliyi olmaqla, bütün xalq bizim yanımızdadır”, - deyən şəhid atası buna görə razılığını ifadə edib. M.Mərdanov haqqında ürək sözlərini bölüşən şəhid atası onun zəhmətkeş bir oğul olduğunu, kənddə hamının hörmətini qazandığını bildirib. Bütün şəhidlərimizlə, eləcə də Məmməd kimi oğullarla fəxr etdiyini söyləyib.
Milli Kino Mərkəzinin rəhbəri, rejissor Kəmalə Musazadə çıxış edərək şəhidimizin əziz xatirəsini yad edib. Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən filmin çəkildiyini qeyd edən K.Musazadə buna görə minnətdarlıq edib. Çəkiləcək filmlə xalqımızın, qazaxlıların öz qəhrəman oğullarını bir daha yaxından tanımaq şansı olacağını qeyd edib.
Şəhid atası Əlləddin Mərdanov oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Məmmədin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun evinə gələrək şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə uca bir məqama – Şəhidlik zivəsinə yüksəlib. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixində Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimizin 2 qız, 1 oğul övladı yadigar qalıb.