Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün təlimlərə start verib

11 sentyabr 2023 | 18:38

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyinin artırılması) 1-3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən silsilə tədbirlər həyata keçirilir. 

Sözügedən fəaliyyət istiqamətinin 2-ci bəndi dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi tədbirlərini özündə əks etdirir ki, bununla əlaqədar olaraq Mərkəz tərəfindən Bakıda və regionlarda yerləşən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 11-12-15 sentyabr 2023-cü il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təlimlər keçirilir. 

İlk təlim sentyabrın 11-də “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında olub. 

 Təlim Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov və Sektorun baş mütəxəssisi Ülkər Məmmədova tərəfindən keçirilib.  

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətindən söz açan müavin iştirakçılara uğurlar arzulayıb. 

Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. E.Abbasov “Etikanın dövlət qulluğunda əhəmiyyəti”, “Etik davranış qaydaları kimlərə şamil edilir?“, “Hansı etik davranış qaydaları var?”, “Etik davranış qaydalarına nəzarət”, “Vicdanlı davranış”, “Peşəkarlıq və fərdi məsuliyyətin artırılması”, “Loyallıq”, “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət”, “Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”, “İctimai və ya siyasi fəaliyyət”, ”Mədəni davranış”, “Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi”, “Qərəzsizlik”, “Maraqlar toqquşmasının qarşısının alınması”, “Təminatlar sistemi“, “İntizam məsuliyyəti”, “Korrupsiyanın qarşısının alınması”, “Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri”, “Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə cinayət məsuliyyəti” və digər mövzular ətrafında əhatəli, dolğun məlumatlar verib. 

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi ilə tanışlıq”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd”, “Qiymətləndirilmənin təşkili”, “Qiymətləndirilmənin aparılması”, “Qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər” və s. mövzular ətrafında geniş izahat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Keçidlər