Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Komitə sədri Ramin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Ulu Öndərin adını daşıyan Mərkəz ziyarət edilib.
Qəbul zamanı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini təhsil, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.