Şriftin ölçüsü :

Saytın rəngi :

Ədəbiyyat Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər nəğmələri" adlı tədbir keçirilib

07 noyabr 2023 | 20:30

Noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının təşkilatçılığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Vurğun bulağı" Ədəbi Məclisinin "Zəfər nəğmələri" adlı yığıncağı keçirilib.

Qazax şəhər Ədəbiyyat Muzeyinin konfrans zalında keçirilən yığıncada Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, AYB Qazax zona filialının üzv və fəalları, eyni zamanda, Bakı Dövlət Universitetinin Qazax filialında fəaliyyət göstərən Xalq yazıçısı İsmayıl Şıxlı adına "Dəli Kür" Poeziya Klubunun üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. B.Vüsal Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsi ilə xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu, torpaqlarımızın düşmən tapdağından azad edildiyini bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin kökündə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin, həmin siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını qeyd edib. B.Vüsal keçirilən tədbirin əhəmiyyətindən söz açaraq şanlı Zəfərimizi tərənnüm etdirən şeirlərin səslənəcəyini vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. G.Həsənova qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar. G.Həsənova əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. İllər keçsə də Azərbaycan xalqının milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o tarixi Qələbəni bizə bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutacağını qeyd edib.

Daha sonra söz yığıncaqda iştirak edən yazarlara verilib. Yazarlardan S.Hidayətoğlu, N.Mehdixanlı, T.Poladlı, A.Musazadə, R.Axundlu, M.Alıyev, M.Şahbazov (tələbə), S.Qazaxlı, E.Süleymanlı, M.Mehdi, L.Məmmədzadə (tələbə), A.Süleymanov (tələbə), A.Cümənov, G.Cəlili, N.Əhmədli, B.Qoca, N.Şahhüseynov (tələbə), A.Hüseyn, M.Qaragözlü, M.Yaqub, B.Əliyeva, K.Kazımlı, H.Əhmədqızı, T.Axıncı, N.Mahmudova (tələbə), Ə.Sofuoğlu, M.Rasimoğlu, B.Vüsal 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə, şəhidlərimizə həsr olunmuş şeir və esselərini təqdim ediblər. Sonda görüş iştirakçıları tərəfindən qərara alınıb ki, bəyənilən nümunələr ayrıca kitab şəklində nəşr olunsun.

 

Keçidlər