Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən Qazax rayonunda ictimai dinləmə keçirilib
Hər kəsə yaxşı məlumdur ki, Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin dostu” proqramına başlanılıb. Həmin proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC tərəfindən icra olunur.
Haqqı ödənilən ictimai işlər proqramı ilkin peşə, ixtisas hazırlığı olmayan işçi qüvvəsinin işlə təminatına imkan yaratdığı kimi, onların müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsinə də şərait yaradır. Hazırda proqramın icrası çərçivəsində DOST İş Mərkəzi ilə 45 mindən çox şəxs əmək münasibətlərindədir.
Eyni zamanda, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa əsasən dövlət orqanları ictimai dinləmə və ictimai müzakirələrin həyata keçirilməsini təmin edir.
İyunun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən Qazax rayonunda ictimai dinləmə keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, "DOST İş Mərkəzi" MMC-nin direktor müavinləri Emil İsmayılov və Bəhaüddin Əliyev, Monitorinq və Hüquq departamenti müdirinin müavini Ruslan Ömərov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüstəm İbadov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və DOST İş Mərkəzində çalışan işçilər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb.
Mərkəzin direktor müavinləri Bəhaüddin Əliyev, Emil İsmayılov, Monitorinq və Hüquq departamentinin müdir müavini Ruslan Ömərov çıxış edərək məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan ödənişli ictimai işlər - “İşsizin dostu” proqramı barədə yerli sakinlərə məlumat veriblər.
Tədbirdə “DOST İş Mərkəzi” MMC-nin fəalyyəti, ödənişli ictimai işlər və ictimai dinləmənin önəmi, proqramın fəaliyyət sahələri, DOST İş Mərkəzinin layihələri və s. barədə də məlumatlandırma aparılıb.
Sonra tədbirdə iştirak edən vətəndaşların ödənişli ictimai işlərlə bağlı rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.