Fevral ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş Yuxarı Salahlı kəndində keçirilib
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Eyni zamanda ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Yuxarı Salahlı kəndində keçirilib.
Fevralın 16-da Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
Qardaş Türkiyədə baş vermiş zəlzələdən söz açan icra başçısı bu hadisəni Azərbaycan xalqının, hər bir vətəndaşın ürək ağrısı ilə qarşıladığını qeyd edib. Zəlzələ zamanı dünyasını dəyişən insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Rayon rəhbəri bu ağır günlərdə bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi olduğumuzu, hər kəsin Türkiyədə zərər çəkən insanlara yardım etmək üçün səfərbər olduğunu söyləyib. İcra başçısı bildirib ki, bu təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Hadisənin ilk saatlarından ölkə Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq ona və bütün Türkiyəyə başsağlığı verdi və Azərbaycanın bu ağır günlərdə daim türk xalqının yanında olduğunu, hər növ yardıma hazır olduğunu bildirdi. Prezidentin göstərişi ilə ölkəmizdən qardaş Türkiyəyə xilasedicilər, həkimlər, eləcə də yardımlar göndərildi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə həyata keçirilən humanitar yardım aksiyaları, Heydər Əliyev Fondunun dəstəyi ilə qardaş ölkəyə çatdırılan yardımlar da zəlzələdən zərərçəkən, evsiz qalaraq qışın sərt soyuğu ilə üzləşmiş insanlar üçün böyük əhəmiyyət daşıyır. Rayon rəhbəri qeyd edib ki, bu gün də acı faciənin fəsadlarının aradan qaldırılması üçün Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Rayon rəhbəri bütün Azərbaycan xalqı kimi, Qazax Rayon İcra Hakimiyyətinin də qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşulduğunu, bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu və fevralın 10-da 1 tır humanitar yardım göndərildiyini bildirib. Qazax camaatının dəstəyi ilə 2 tır humanitar yardımın da qardaş ölkəyə göndərildiyini qeyd edən icra başçısı buna görə əməyi, əziyyəti keçən insanlara bir daha təşəkkürünü çatdırıb.
İcra başçısı bütün kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələnin müsbət həllini tapdığını, yararsız vəziyyətdə olan elektrik dayaqlarının yerinə 9 ədəd yeni metal dayaq basdırıldığını və 400 metr uzunluğunda SİP kabel çəkildiyini bildirib. Rayon rəhbəri kənddə uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, Ağköynək, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı kəndlərində kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 24 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin şəhid ailəsi, 7 nəfərin Vətən müharibəsi iştirakçısı və əlili, 12 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.
Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 7 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu, əlavə 1 ədəd subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib. Rayonda əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə Yuxarı Salahlı kəndində yarımstansiyanın inşa olunmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri Qazax rayonunun Yuxarı Salahlı kəndinin hər zaman qeyrətli oğulları ilə tanındığını, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə aldıqlarını, torpaqlarımızın ərazi bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndinin 18 nəfər şəhid verdiyini bildirib. Rayon rəhbəri Yuxarı Salahlı kəndinin igid oğullarının Aprel və İyul döyüşlərində də qəhrəmanlıq göstərdiklərini, hər iki döyüşdə bu kəndin şəhid verdiyini bildirib. Qazaxda bütün şəhidlərimizin, Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin Yuxarı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də örnək götürüldüyünü, bunun nəticəsidir ki, kənd fəalları və kənd bələdiyyəsi tərəfindən kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə kompleksinin inşa olunduğunu qeyd edib. Yuxarı Salahlı kəndinin girişində inşa edilən və bu il 8 Noyabr – Zəfər Günü ərəfəsində açılışı olan bulaq-abidə kompleksinin şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü bildirib. Rayonda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
"Bugünkü görüşün məqsədi siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Abdulla Məmmədov Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Rayonda, o cümlədən Yuxarı Salahlı kəndində görülən işlərdən danışan A.Məmmədov abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlığını bildirib. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə razılığını ifadə edib. Bu gün Yuxarı Salahlı kəndində olan görüşü kənd sakinlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndirib.
Sakinlərdən Osman Mustafayev qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərürfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığından (Halyomorpha halys) söz açıb, sakinlərin üzərinə məsuliyyət düşdüyünü qeyd edərək hər kəsin bu işdə dəstək olmalı olduğunu söyləyib. O.Mustafayevin sözügedən məsələ ilə bağlı fikirlərini dinləyən icra başçısı qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlərin həyata keçirildiyini, sözügedən məsələnin mahiyyətini, məsuliyyətini birmənalı şəkildə dərk edərək hər kəsin üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli olduğunu bildirib. Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, vətəndaşların təsərrüfatına ziyan vurmaması üçün hər kəsin bu işdə səfərbər olmalı olduğunu vurğulayıb. Ölkəmizdə həyata keçirilən bütün işlərin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib.
Sakinlərdən Vəkilov Məhəmməd Məmməd oğlunun kənddə əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə SİP kabel xətti çəkilişinin davam etdirilməsi barədə müraciətini dinləyən rayon rəhbəri qaldırılan məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələnin həlli istiqamətində lazımi addımların atıldığını, aidiyyəti quruma rəsmi məktub ünvanlandığını bildirib.