“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib
Mayın 25-də Qazax Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Qazax Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev, Qazax RİH başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, FHN Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Kənan Aşurov, FHN Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik Məmməd Tağıyev, Mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Rauf Abbasov, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov, Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə Qərargahı, mülki müdafiə xidmətləri və ərazi qüvvələrinin rəhbərləri, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin bütün şəxsi heyəti iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin 2023-cü il üçün mülki müdafiə planına müvafiq olaraq keçirilən məşqin əsas məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən işçilərin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olub. Məşqin keçirilməsinə FHN-in Gəncə Regonal Mərkəzinin və Qazax Magistral Qaz Kəmərləri Sahəsinin rəhbərliyi, müəssisənin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb edilib.
Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.
Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə və düzgün qərarlar qəbul etmək, eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayış olunub. Baş vermiş şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub.