Gəncə Səyyar “ASAN xidmət" Qazaxda 6 mindən çox sakinə xidmət göstərib
Vətəndaş amilinin ön plana çəkildiyi Azərbaycanda vətəndaşlara göstərilən diqqət və qayğı bütün sahələrdə əsas istiqamət kimi götürülür. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun bariz nümunəsidir. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan, bütün dünyada brendə çevrilən "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Hər il olduğu kimi bu il də Gəncə Səyyar "ASAN xidmət” Qazax rayon sakinlərinə xidmət göstərib. 6 noyabr - 5 dekabr 2019-cu il tarixlərdə rayonumuzda olan Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 30 gün müddətində Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən göstərilən xidmətlərdən müraciət etmiş 7209 nəfərdən 6303 nəfəri yararlanıb.
Vətəndaşlara Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) səyyar şəkildə xidmət göstəriblər. Əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub. Səyyar şəkildə göstərilən bu xidmətlər - torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat fəaliyyəti olub.
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidmət rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilib. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab ediblər.