Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə Səyyar “ASAN xidmət" Qazaxda vətəndaşlara xidmət göstərir

30 aprel 2019 | 16:00

Bu gün ölkəmizdə vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da bir brendə çevrilib. Bütün dünyada kifayət qədər tanınan və öyrənilən bu xidmətin başlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsidir. "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda da sakinlərə xidmət göstərilməsidir. Hər il olduğu kimi, bu il də Qazax rayon sakinləri "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar.
Məlumat verdiyimiz kimi, 15 aprel 2019-cu il tarixdən  etibarən Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında (mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmətlər göstərməyə başlayıb. 
4 may 2019-cu il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.
Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən 20 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar "Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana bilirlər.
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi isə dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Məlumat üçün qeyd edək ki, bu günə kimi müraciət edən 3841 nəfər sakindən 3340 nəfəri xidmətin fəaliyyətindən yararlanıb.
Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər