Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Xalq şairi Səməd Vurğunun adını daşıyan Poeziya Evini ziyarət ediblər

03 iyul 2024 | 19:02

İyulun 3-də Xalq şairi Osman Sarıvəllini (Osman Abdulla oğlu Qurbanov) anım günündə məzarı başında yad edən Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri şairin yaxın dostu olmuş Xalq şairi Səməd Vurğunu da unutmayıblar. Qazax rayonunun İkinci Şıxlı kəndində Osman Sarıvəllinin məzarını ziyarət edən gənclər sonra Yuxarı Salahlı kəndində olub, Xalq şairi Səməd Vurğunun adını daşıyan Poeziya Evinə baş çəkərək dahi şairin əziz xatirəsini ehtiramla anıblar.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul əməkdaşları ilə birlikdə Poeziya Evini ziyarət edən gənclərə Xalq şairinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız-hesabsız əsərləri, şeirləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib.

Qeyd olunub ki, Poeziya Evində Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Vurğulanıb ki, bir neçə il öncə rayon rəhbərliyi tərəfindən Poeziya Evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.

Keçidlər