Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolu” mövzusunda tədbir keçirilib
Fevralın 22-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Ombudsmanın Qərb Regional Mərkəzinin təşkilatçılığı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolu” mövzusunda tədbir keçirilib.
Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, rayonun fəal gəncləri, gənc dövlət qulluqçuları, bələdiyyə üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı soyqırımı qurbanlarına həsr olunmuş, Ulu Öndərin və ölkə Prezidentinin soyqırımı qurbanları haqqında səsləndirdikləri fikirlərin yer aldığı videoçarx nümayiş etdirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. İ.Süleymanov XX əsrin ən böyük faciələrindən, Azərbaycan tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının illər ötsə belə heç vaxt unudulmayacağını bildirib. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb. G.Həsənova Xocalı faciəsinin unudulması mümkün olmayan tarixi faciələrdən olduğunu vurğulayıb. Müavin Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə bütün faciələrə, soyqırımlara olduğu kimi, Xocalı soyqırımına xüsusi önəm verildiyini, bu faciəyə də siyasi-hüquqi qiymətin verilməsi sahəsində mühüm işlər görüldüyünü, lazımi addımlar atıldığını söyləyib. G.Həsənova Ulu Öndərin bu sahədə olan işlərinin bu gün də davam etdirildiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində uğurlu addımların atıldığını qeyd edib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verildiyini, kampaniyanın bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərdiyini vurğulayıb. G.Həsənova Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, 2020-ci ildə tarixi zəfərlə başa çatan Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığını, “dəmir yumruğ”un qalib gəldiyini bildirib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını bir daha diqqətə çatdırıb.
Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından salamlayıb, ürək sözlərini bölüşüb. Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə respublikamızda silsilə tədbirlər keçirildiyini, bugünkü tədbirin həmin tədbirlərin davamı olduğunu söyləyib. Tədbirin əhəmiyyətindən söz açan S.Abbasov əsas məqsədin Xocalı faciəsinin xalqımızın taleyində oynadığı rolu, faciə nəticəsində pozulmuş insan hüquqları haqqında, həmçinin bu faciəyə siyasi-hüquqi qiymətin verilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin bu sahədə gördüyü işləri bir daha ictimaiyyətə çatdırmaqdır. Natiq çıxışında bu dəhşətli cinayət nəticəsində insan hüquq və azadlıqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələblərinin kobud şəkildə pozulduğunu, törədilən cinayət əməllərinin beynəlxalq və dövlətdaxili hüquqa əsasən soyqırım olduğunu bildirib. S.Abbasov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyini bildirib. Natiq Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının uğurlu icrası sayəsində artıq bir neçə ölkənin, xüsusilə də ABŞ-ın 20-yə yaxış ştatının Xocalı faciəsini soyqırımı kimi qəbul etdiyini, tanıdığını söyləyib. S.Abbasov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin sayəsində Xocalı soyqırımı qurbanlarının qanlarının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Natiq çıxışı zamanı gəncləri Xocalı soyqırımının, eləcə də xalqımızın başına gətirilən digər müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırıb, bu istiqamətdə tövsiyələrini verib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Azərbaycan tarixində silinməz iz buraxan, xalqımızın yaddaşına əbədi həkk edilən dəhşətli faciə ilə bağlı fikirlərini bölüşüb. V.Nəbiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına gətirilən o müsibət gecəni, həmin an yaşanan qanlı hadisələri xalqımızın heç zaman unutmayacağını qeyd edib. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyini, 1275 sakinin girov götürüldüyünü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qaldığını bildirib. Şəhərin yerlə-yeksan edildiyini, həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakininin ciddi şəkildə şikəst edildiyini və onlardan 76 nəfərin uşaqlardan ibarət olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini və 130 uşağın isə bir valideynini itirdiyini vurğulayıb. V.Nəbiyev Xocalı faciəsinin soyqırımı kimi tanınmasının, faciəyə siyasi-hüquqi qiymət verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı faciəsinin ilk olaraq ölkə daxilində soyqırımı kimi tanınması sahəsində mühüm addımlar atıldığını bildirib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. C.Hüseynova Ulu Öndər Heydər Əliyev tərəfindən bütün soyqırımlara olduğu kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verildiyini bildirib. Xocalı faciəsini yaşayan insanların xatirələrini dinləyərkən insanlığa qarşı törədilmiş amansızlığın, ermənilərin xalqımızın başına gətirdikləri vəhşiliklərin şahidi olduğumuzu diqqətə çatdırıb. C.Hüseynova qeyd edib ki, bu gün tək təsəllimiz odur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, şəhidlərimiz, qazilərimiz sayəsində Xocalı soyqırımı qurbanlarının qisasları alındı. Bu gün bütün şəhidlərimizin ruhu şaddır ona görə ki, işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. C.Hüseynova bugünkü tədbirin “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş tədbirlərin davamı olduğunu qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək millət vəkili Səməd Seyidovun adından salamlayıb, ürək sözlərini çatdırıb. A.Əmirov Xocalı faciəsindən 31 il ötməsinə baxmayaraq həssas mövzu olduğunu, dünya ictimaiyyəti tərəfindən lazımi siyasi-hüququnu almaması səbəbindən öz həssaslığını, aktuallığını bu gün də saxladığını bildirib. Xocalı faciəsi baş verən zaman hakimiyyətdə olanların səhlənkarlığından danışan natiq onların sayəsində faciə baş verən vaxt ona siyasi-hüquqi qiymət verilmədiyini qeyd edib. Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə də siyasi-hüquqi qiymət verildiyini bildirib. Natiq çıxışı zamanı Azərbaycan xalqının nə ermənilərin törətdikləri faciələri, nə də onların hiyləgər niyyətlərini, xislətlərini heç zaman unutmayacağını qeyd edib. Azərbaycan gəncləri olaraq tarixi keçmişimizin unudulmaması, xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində onların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və gəncləri bu yolda fəal olmağa səsləyib.
Bakı Dövlət Universitetinin Qazax filialının tələblərindən Gülayə Rüstəmzadə, Elmir Kazımov, Nəsimi Əliyev çıxış edərək Xocalı faciəsini əsrin faciəsi adlandırıblar. Çıxış edənlər Ermənistan dövlətinin ikiüzlü, riyakar olduqlarını tarixən sübuta yetirdiklərini, bunun bariz nümunəsi olaraq Azərbaycan xalqının başına gətirdikləri soyıqırımlarla, faciələrlə, vəhşiliklərlə göstərdiklərini qeyd ediblər. Gənclər Xocalı soyqırımı qurbanlarının qisaslarının alındığını söyləyiblər. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan gəncləri olaraq daha fəal olmalı olduqlarını, bunun üçün əllərindən gələni edəcəklərini bildiriblər.