“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Dekabrın 9-da Qazax Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, gənclər, GİKM Qazax nümayəndəliyinin könüllüləri, Qazax Uşaq Gənclər-İnkişaf Mərkəzinin Bədii Qiraət dərnəyinin dərnək rəhbəri Xədicə Kazımova və dərnək üzvləri, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını salamlayıb, milli dövlətçilik ənənələrinin bərpasında misilsiz xidmətləri olan Dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. C.Hüseynova bildirib ki, ölkəmizin inkişafı, tərəqqisi böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və Vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır. XX yüzildə müasir Azərbaycanın inkişaf modelini məhz müstəqil Azərbaycan dövlətçiliyinin memarı, qurucusu Heydər Əliyev gerçəkləşdirə bildi. Məhz Heydər Əliyevin siyasi dühası, əzmkarlığı və uzaqgörən siyasəti nəticəsində müstəqil dövlətimiz möhkəmləndi və əbədiyaşarlıq qazandı.
Sonra GİKM Qazax nümayəndəliyinin təlim-tədris üzrə mütəxəssisi Abuhəyat Əfəndiyeva, BDU-nun Qazax filialının tələbəsi, fəal gənc Lətifə Məmmədzadə, BDU-nun Qazax filialının tələbəsi, İkinci Qarabağ müharibəsinin iştirakçısı Qılınc Cəfərov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Gülnar Səmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə və gəncliyə etimadından danışıblar. Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, bu gün ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti yeni mərhələsini yaşayır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, cəmiyyətə inteqrasiyası istiqamətində çox böyük işlər görülməkdədir. Bu da Azərbaycanda gənclər siyasətinin prioritet məsələlərdən olduğunun sübutudur.
Tədbir A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinin və Qazax UGİM-nin Bədii Qiraət dərnəyinin üzvlərinin Ulu Öndərə həsr etdikləri bədii kompozisiya və şeirləri ilə sona çatıb.