Şriftin ölçüsü :

Saytın rəngi :

“Himayədar ailə” qayğı modelinin təbliği məqsədilə növbəti ictimai dinləmə Qazaxda keçirilib

05 may 2025 | 20:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Qazax rayonunda növbəti ictimai dinləmə keçirilib.

Qazax Ədəbiyyat Muzeyində təşkil olunan tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin, Agentliyin, dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, kollec tələbələri və müəllim heyəti, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbə heyəti, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

Ümumilikdə 150-yə yaxın şəxsin iştirak etdiyi tədbir zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova keçirilən tədbirin əhəmiyyətindən söz açaraq “Himayədar ailə” qayğı modeli barədə fikirlərini bildirib.

Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb. Eləcə də “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.

Görüşdə Respublika Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasından, bu sahədə hazırlanmış Tədbirlər Planının 8.4.3-cü yarımbəndində - Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən də söz açılıb. Çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai  həyatda  digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri özündə əks etdirən Sosial xidmət barədə məlumat verilib. Bildirilib ki, Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Sosial xidmətlərin fəaliyyət istiqamətlərini mənzil, avtomobil təminatı, sanatoriya-kurort yollayışları, övladlığagötürmə, himayədar ailə, evdə (səyyar) sosial-məişət xidməti, sosial xidmət müəssisələri, mənzil satışı portalı, sosial sifarişlər, Sosial Xidmət Mərkəzləri, Daimi Günərzi Qayğı Mərkəzlərinin təşkil etdiyi diqqətə çatdırılıb. Vətəndaşların xidmətlərdən yararlanmaq üçün Dost mərkəzlərinə, 142 çağırı mərkəzinə və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə müraciət etməli olduqları bildirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər