İcra başçısı BDU-nun Qazax filialında olub
Son illər ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən elm və təhsilin inkişafına göstərilən qayğı, bu istiqamətdə çoxsaylı sərəncam və fərmanların imzalanması Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasında mühüm rol oynayır. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar.
Son dövrlər Qazaxda müəllim və şagirdlərə, ali təhsil ocaqlarında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bakı Dövlət Universitetinin Qazax filialı da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarındandır. Rayon rəhbərinin mütəmadi olaraq filialın müəllim-tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin əyani sübutudur.
İcra başçısı bu gün də Bakı Dövlət Universitetinin Qazax filialında olub, ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrlə görüşüb, onlar üçün yaradılan şəraitlə maraqlanıb.
Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb. İcra başçısı respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Filialın fəaliyyətindən söz açan rayon rəhbəri bu gün bu ali təhsil ocağında şəffaflığın təmin olunduğunu qeyd edib.
Sonra rayon rəhbəri filialda tələbələrə yaradılan şəraiti elə onların öz dillərindən eşidib.
Tələbələr istər təhsil almaları, istərsə də imtahanları rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax filialında gördüklərini bildiriblər. Buna görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər. Bu gün onlarla olan səmimi görüşə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Filialın direktoru, dosent Arif Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısına görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü ifadə edib.