İcra başçısı bir qrup Çaylı kənd sakininin müraciətini dinləyib
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması deməkdir. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədi daşıyır.
Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Avqustun 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup Çaylı kənd sakininin yaşadıqları ərazidə subartezian quyusunun qazılması barədə müraciətini dinləyib. Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələyə həssaslıqla yanaşılacağını, Çaylı kəndində qazılacaq subartezian quyularından birinin onlar yaşayan ərazidə qazılmasının nəzərdə tutulduğunu, eyni zamanda, yerində baxış keçiriləcəyini bildirib.
Vətəndaşlar onlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.