Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Birinci Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun anasının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

27 avqust 2024 | 14:01

Şəhidlik zirvəsinə ucalmaq - Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. 

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Məmmədov Fidat Əhməd oğludur.

Şəhid Fidat Məmmədov 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq medallarla qiymətləndirilmişdir. 1980-1981-ci illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Daş Salahlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailəliydi, 1 qız, 2 oğul övladı yadigar qalıb. Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində barelyefi vurulub.

Avqustun 26-da şəhidimizin anası Məmmədova Rəfiqə Həsən qızı dünyasını dəyişib. Avqsutun 27-də şəhidimizin anasının dəfn mərasimi olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və şəhid ailələri ilə birlikdə Daş Salahlı kəndində olub. Rayon rəhbərliyi şəhid anasının dəfn mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Rəfiqə Məmmədovanın vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Fidat Məmmədov kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını vurğulayıb. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını qeyd edib.

Keçidlər