Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Daş Salahlı kənd 2 və 3 saylı Körpələr Evi-Uşaq bağçalarında körpələrə göstərilən qayğı ilə maraqlanıb

09 avqust 2024 | 21:27

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti ölkəmizdə bu gün də uğurla davam etdirilir. Bu, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıda real əksini tapır. Xüsusən də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin inşası, bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr bunu deməyə əsas verir.

Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından görə bilərik. Təqdirəlayiq haldır ki, Qazaxda gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı bu gün də yüksək səviyyədədir.

Avqustun 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub.

Məktəbəqədər təhsil müəssisəsində körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı gələcəyimiz olan körpələrin hər cür qayğıya, diqqətə layiq olduğunu qeyd edib. Sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyi bir daha vurğulanıb.

Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektivlər və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Keçidlər