Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Daş Salahlı kənd sakini Asif Əfəndiyevin ötən ay yanmış evində görülmüş işlərlə tanış olub

12 avqust 2022 | 19:00
Bu gün əminliklə deyə bilərik ki, insan amili, vətəndaş məmnunluğu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətidir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuru üçün örnəkdir.

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman nümunə götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.

Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri ilə birlikdə iyulun 13-də Rəqəmsal İcra Hakimiyyətinə (admin.rih.gov.az) müraciət etmiş Daş Salahlı kənd sakini Asif Əfəndiyevin yaşadığı evin yanması ilə bağlı müraciətinə yerində baxması barədə məlumat vermişdik.

Rayon rəhbərliyinin iyulun 9-da axşam saatlarında baş vermiş yanğın zamanı evinə ziyan dəymiş Asif Əfəndiyevin yanında olması, diqqətini əsirgəməməsi dövlətin vətəndaşına olan qayğısının daha bir əyani sübutudur.

Bəli, rayon rəhbərliyinin, eləcə də ev sahiblərinin işçi kimi çalışdıqları Qazax Sement Zavodunun Asif Əfəndiyevə olan qayğıları, göstərdikləri dəstək sayəsində bu gün yanmış evdən əsər-əlamət belə qalmayıb. Qısa müddətdə yanmış ev yüksək səviyyədə əsaslı şəkildə təmir edilərək ailəyə təhvil verilib. Nəinki ev, hətta, ev əşyalarının təmin olunmasında da köməklik göstərilib.

Asif Əfəndiyev və ailə üzvləri onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə və Qazax Sement Zavodunun rəhbərliyinə minnətdarlığını bildirir. Bu gün yanmış evlərinin əvvəlki kimi təmirli şəkildə onlara təhvil verilməsini dövlətin vətəndaşına olan qayğısı kimi qiymətləndirirlər.

Məlumat üçün qeyd edək ki, 09.07.2022-ci il tarixdə saat 17:13 radələrində Qazax rayonunun Daş Salahlı kəndində Asif Əfəndiyevə məxsus ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdi. Fərdi yaşayış evində baş vermiş yanğın zamanı 2 yataq otağı, 1 qonaq otağı, 1 zal, 1 mətbəx, hamam olmaqla, evin bütün otaqlarının tavanı tamamilə yanmış, dam örtüyü və əşyaları yararsız hala düşmüşdü. Evin 6 ədəd qapısı, 6 ədəd pəncərəsi yanmışdı. 1 otağın, mətbəxin və hamamın döşəməsi yanaraq yararsız vəziyyətə düşmüşdü.

Keçidlər