Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" iştirakçılarının yekun tədbirində iştirak edib 

05 avqust 2022 | 22:00

Əvvəlki yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qazax rayonunda "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" təşkil edib.

1-6 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində reallaşan "Gənclər düşərgəsi"ndə 15-25 yaş arası 80 nəfərə yaxın gənc iştirak edib. 

“Gənclər düşərgəsi”nin əsas məqsədi "Dayanıqlı İnkişaf Məqsədləri" konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir.

Avqustun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb. Günün ikinci yarısı isə gənclər tərəfindən təşkil olunmuş yekun bağlanış tədbirinə qatılıb.

Gənclərlə görüşən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal onları salamlayıb, Qərbin qapısı sayılan, şairlər diyarı Qazaxda görməkdən məmnunluğunu qeyd edib. Gənclərlə olan görüşə görə razılığını ifadə edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti sayəsində tarixi zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin bir tarix, əsl qəhrəmanlıq dastanı yazdıqlarını bildirib. Şuşaya olan səfərindən söz açan B.Vüsal doğma yurda getmək sevincini ona yaşadan Müzəffər Ali Baş Komandana, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğunu söyləyib. “Şuşanı alan oğullar!” şeirini səsləndirən B.Vüsal gənclərlə olan görüşün yaddaşına ən ülvi hisslərlə yazıldığını vurğulayıb.

Sonra qazaxlı gənclərin və düşərgə iştirakçılarının vətənpərvərlik mövzusunda olan bir-birindən rəngarəng çıxışları olub.            

Aşıq Samir Cəlaloğlunun sazın müşayəti ilə şair Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır oğlum” şeirini, Aslanbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qaravəliyevin Akif Səmədin “Qazax”, Mədəd Məhbubun “Qazax” şeirlərini səsləndirməsi alqışlarla qarşılanıb.

Qazaxlı gənclərdən Eşqin Ocaqverdiyevin akostik gitarada ifa etdiyi “O sənli günlər səni xatırladır” mahnısı, Afiq Qasımovun “Hüseyni” saz havasında səsləndirdiyi “Ana laylası” şeiri gənclərin marağına səbəb olub.

Yay düşərgəsinin iştirakçılarından Altun Süleymanovun vətənpərvərlik mövzularında təqdim etdiyi mahnıları, Nuray Əlizadənin səsləndirdiyi şair Ramiz Rövşənin “Roman” şeirini gənclər maraqla dinləyiblər.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda çıxış edərək gəncləri bir daha salamlayıb, onlarla olan görüşdən məmnunluğunu ifadə edib. Gənclərin Qazaxa olan səfərinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin rəhbərliyinə, düşərgənin təşkil olunmasında əməyi keçən insanlara minnətdarlığını bildirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər siyasətindən, Heydər Əliyev Fondunun, onun rəhbərinin gənclərə olan dövlət qayğısından söz açan icra başçısı həmin qayğının bu gün də davam etdiyini bildirib. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş, vətənpərvərlik hissinin formalaşmasında, gənclərin dünyagörüşünün artmasında, yeni əlaqələrin qurulmasında mühüm əhəmiyyət daşıyan düşərgənin həmin qayğının davamı olduğunu, gənclərin yaddaşına gözəl anlarla yazıldığını qeyd edib. Gənclərin ünvanına səmimi ürək sözlərini çatdıran icra başçısı müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onlara uğurlar arzulayıb.

Keçidlər