Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları ilə görüşüb

05 avqust 2022 | 16:08

Ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qazax rayonunda təşkil etdiyi "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir. 

Avqustun 1-dən Qazax Olimpiya İdman Kompleksində başlayan "Gənclər düşərgəsi"ndə respublikamızın müxtəlif bölgələrindən olan 15-25 yaş arası 80 nəfərə yaxın gənc iştirak edir. 

6 avqust tarixinə kimi davam edən “Gənclər düşərgəsi”nin əsas məqsədi "Dayanıqlı İnkişaf Məqsədləri" konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir.

Avqustun 4-də "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları Qazax rayonunun gəzməli-görməli yerləri ilə tanış olub, rayon haqqında dolğun məlumatlar əldə ediblər.

Avqustun 5-də isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb.

Görüşdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, Qərbin qapısı, şairlər, aşıqlar yurdu olan Qazaxda onlarla görüşməkdən məmnunluğunu bildirib. İcra başçısı gənclərlə olan bugünkü görüşün yaddaqalan və xoş anlarla dolu bir görüş olacağını söyləyib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb.

“Əziz gənclər siz bizim gələcəyimizsiniz. Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə böyük diqqət və qayğı göstərilir. Siz gənclərin müstəqil Azərbaycanın parlaq gələcəyi naminə layiqli bir vətəndaş kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgəni həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında qanları, canları bahasına əsl qəhrəmanlıq dastanı yazdıqlarını dilə gətirib.

“Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda təşkil olunmuş düşərgəyə görə Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, əməyi keçən insanlara minnətdarlığını bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib. Gənclərdən İlkin Əsədov, Nuray Əlizadə, Arzu Qarayeva, Altun Süleymanov və başqaları özləri, eləcə də təmsil etdikləri bölgələr haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Düşərgə, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənclər onlara göstərilən qonaqpərvərliyə və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Düşərgənin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin əməkdaşlarına, düşərgənin təşkilində əziyyəti olan insanlara minnətdarlıqlarını bildiriblər. Düşərgə müddətində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova da öz növbəsində ilk gündən göstərilən qonaqpərərliyə, diqqətə, səmimi münasibətə görə naziriliyin rəhbərliyi adından minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə olan görüşə yekun vuraraq bir daha gənclərin ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənclərlə xatirə şəkilləri çəkdirib.

Keçidlər