Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı gənclər tərəfindən sərhəd kəndi Fərəhlidə uşaqlar üçün oyun meydançasının bərpa olunması təşəbbüsünü dəstəkləyib

15 iyun 2022 | 20:00

İyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi barədə məlumat vermişdik.

Gənclərlə səmimi söhbət əsasında keçən görüşdə dövlət tərəfindən onlara göstərilən qayğıdan söz açılıb, istək və təklifləri dinlənilib.

Gənclərin Qazax rayonunun Fərəhli kəndində olan köhnə təhlükəsiz oyun meydançasının təmir edilib park olaraq əhalinin istifadəsinə verilməsi təşəbbüsü elə görüşdəcə rayon rəhbərliyi tərəfindən müsbət qarşılanıb, gənclərin bu cür təkliflərlə çıxış etməsi yüksək qiymətləndirilib.

İyunun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə birlikdə Fərəhli kəndində olub, sözügedən oyun meydançasının mövcud vəziyyəti ilə yerində maraqlanıb.

Fəaliyyətə başladığı ilk gündən gənclərə daim diqqət və qayğı göstərən rayon rəhbəri onların bu təşəbbüsünü də reallaşdıracağını, oyun meydançasını istədikləri kimi təmir edərək elə gənclərin adından Fərəhli kəndində yaşayan körpə fidanlara hədiyyə edəcəyini bildirib. Rayon rəhbəri oyun meydançasında görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Şuranın Qazax rayonu üzrə sədri Pəri İbrahimova onlara göstərilən səmimi münasibətə, xüsusilə də təşəbbüslərini dəstəklədiyi üçün gənclər adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Kənd sakinləri də gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər. Gənclərə nümunəvi təşəbbüslərinə görə təşəkkür ediblər.

Keçidlər