İcra başçısı İkinci Şıxlı kəndində fəaliyyət göstərən “Qazax Aqropark”da olub, kartof və taxıl sahələrinə baxış keçirib
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə öz müsbət nəticələrini göstərir. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğu üçün aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.
Son illər ölkə Prezidenti İlham Əliyevin aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Fərman və Sərəncamları əsas götürərək bu sahəni daim diqqət mərkəzində saxlayan rayonlardan biri də məhz Qazax rayonudur. Bunu son dövrlər rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin, aqroparkların yaradılmasından da aydın şəkildə görmək olar.
"İnvestel GROUP” MMC tərəfindən rayonun İkinci Şıxlı kəndində tikilən “Qazax Aqropark” da ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurla icra olunmasının əyani sübutudur. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə yaradılan bu Aqropark eyni zamanda, yeni iş yerlərinin açılması və xeyli sayda insanın işlə təmin olunması deməkdir.
İyunun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə İkinci Şıxlı kəndində olub, “Qazax Aqropark”dakı, eləcə də kartof və taxıl sahələrindəki mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbərliyinə məlumat verilib ki, bu il 384,8 hektarda kartof, 178 hektarda arpa, 214,88 hektarda buğda əkilib. Əsasən soraya, bernina, kolomna, aqila, sylvania, kafkaz sortları əkilib. 100 nəfərdən artıq insanın daimi, 300-400 nəfərin isə mövsümi olaraq Aqroparkda çalışdığını bildirilib.
Məlumat üçün qeyd edək ki, “Qazax Aqropark”da torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan əlavə, Aqropark daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası var. Sahəsi 608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilib. Elektrik təminatı ilə əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Aqroparkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqroparkın həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.