Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə arx və kanallarda aparılan təmizlik işləri ilə tanış olub

15 noyabr 2022 | 19:40

Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə qeyri-neft sektoru dövlət siyasətinin prioritet sahələrindən biri təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək sayəsində ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının durmadan inkişaf etməsi bunu söyləməyə əsas verir. Xüsusən də kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə kimi həm işsizliyin aradan qaldırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı sahə olması hər zaman əsas götürülür. 

Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. 

Hər il olduğu kimi bu il də Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma suyu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə işçi qrupunun yaradılması barədə” 20.10.2022-ci il tarixli 349 №-li Sərəncam imzalanıb və həmin Sərəncamdan irəli gələn vəzifələr uğurla icra olunur. 

Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri tərəfindən hər il həyata keçirilən ümumrayon işi bu il də davam etdirilir. Belə ki, 2022-2023-cü ildə 174,50 km-i texnika, 155,10 km-i əl əməyi ilə olmaqla 329,60 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, bütün kəndlərdə təmizlik işlərinə start verilib. Əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmağı qarşıya məqsəd qoyublar.

Noyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov və digər aidiyyəti şəxslərlə birlikdə rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aşağı Salahlı, Orta Salahlı kəndlərində olub, arx və kanallarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb. Həmçinin, K-1 kanalında aşınmaya uğramış beton üzlüyün cari təmir olunması işləri ilə tanış olub.

Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, bu günə kimi bütün kəndlər üzrə 93,60 km-i texnika, 63,89 km-i əl əməyi ilə olmaqla 157,49 km məsafədə təmizlik işləri həyata keçirilib. 

Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.

Kənd sakinləri bildiriblər ki, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Qeyd ediblər ki, ötən il aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilib. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Bütün kəndlərdə kəndlilər və təsərrüfatla məşğul olan insanlar payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. İcra başçısının onlarla görüşməsini, işlərlə yaxından tanış olmasını rayonda kənd təsərrüfatının inkişafına, xüsusilə də sadə kəndlilərə olan diqqət və qayğı kimi qiymətləndiriblər.

Məlumat üçün qeyd edək ki, 2016-2017-ci ildə 274,78 km məsafədə təmizlənmə işi aparılıb ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülüb ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci ildə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci ildə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci ildə 347,60 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirilib. Ümumilikdə, son 6 ildə 852,90 km-i texnika, 1002,17 km-i əl əməyi ilə olmaqla, 1855,07 km məsafədə təmizlik işləri yerinə yetirilib.

Keçidlər