İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə aparılan təmir işləri ilə tanış olub
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi nəinki onun yenidən istifadəsini mümkün edəcək, eləcə də milli təhsilimizin inkişafına böyük töhfə olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası eyni zamanda Azərbaycanda maarifçilik irsimizin yaşadılması, Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Bu, illər öncə yandırılan elm işığının daha gur yanması, ətrafına yeni nəsil maarifçiləri toplaması deməkdir. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.
Bu gün sevindirici haldır ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev də təmir olunur. Məşədi İbrahimin yaşadığı mülkün təmir olunması da təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir. Bu nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisidir.
Mayın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kosalar kəndində olub, təmir olunan mülkdə görülən işlərlə maraqlanıb. Görülmüş işlərlə tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Məşədi İbrahimin nəvəsi Şahbəddin Hacıyev babasının yaşadığı mülkün təmir olunmasına görə razılığını bildirib. Təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymətə, dəyərə, xüsusilə də babasının yaşadığı mülkün bərpa olunmasına görə öz adından, ailəsi və yaxınları adından minnətdarlıq edib. Bu nümunəvi addımı babası Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisi kimi qiymətləndirib.