Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ötən gün dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı Fərid Kərimlinin üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

25 dekabr 2023 | 18:30

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 

44 günlük Vətən müharibəsində iştirak edən oğullardan biri də döyüş meydanında göstərdiyi igidliyinə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Bala Çaylı kəndinin igid oğlu (MAHHXHQ) kiçik çavuş Kərimli Fərid Vüqar oğludur.

Fərid Kərimli 26 noyabr 1996-cı ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2003-2014-cu illərdə Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə təhsil almışdır. 2015-cı ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2016-cı ilin iyul ayında tərxis olunmuşdu. 07.05.2020-ci il tarixdən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ)  kimi xidmətə başlamışdı. 27.09.2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində işlədiyi hərbi hissənin tərkibində Füzuli-Xocavənd istiqmətində gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ veteranı idi. Vətən müharibəsindən sonra uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən igid Vətən oğlu dekabrın 22-də dünyasını dəyişib. 23 dekabr 2023-cü il tarixdə qəhrəman eloğlumuz doğulub boya-başa çatdığı Bala Çaylı kənd qəbiristanlığında dəfn olunub.

Dekabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Bala Çaylı kəndində olub, üç mərasimində iştirak edərək dünyasını dəyişən Fərid Kərimliyə Allahdan rəhmət diləyib, ailə üzvlərinə səbir arzulayıb, anasına, yaxınlarına, doğmalarına başsağlığı verib. 

Nə qədər ki, Azərbaycan dövləti və xalqı var Fərid kimi oğullarımızın daim qəlblərdə yaşayacağı, igid Vətən oğullarının göstərdiyi igidliyin, qəhrəmanlığın hər zaman xatırlanacağı, yaddaşlara əbədi həkk olunacağı vurğulanıb. Bugünkü və gələcək nəsillərin hər zaman Fərid tək oğullarımızdan örnək götürəcəyi qeyd olunub.

Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! 

 

Keçidlər