Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qazaxlı igid Vətən oğullarının ailələri ilə görüşüb

02 oktyabr 2023 | 21:30

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı.

Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Aqşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısını hər zaman əsas götürən rayon rəhbərliyi bütün şəhid ailələri kimi, antiterror tədbirləri  zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailələrini də diqqətdə saxlayır.  

Oktyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov antiterror tədbirləri  zamanı Şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ailələrini ayrı-ayrılıqda qəbul edib, onlarla görüşüb. İcra aparatının məsul işçiləri ilə birlikdə şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanıb, istəklərini, təkliflərini dinləyib.

İcra başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. İcra başçısı qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib.

“Hər birimizin qəlbində bütün şəhidlərimizin xatirəsi əzizdir. Bu gün İlham, Elvin, Ramin, Fərid, Aqşin kimi oğullarımızla hər bir azərbaycanlı, qazaxlı fəxr edir”, - deyən icra başçısı bütün şəhidlərimiz kimi, onların da heç zaman unudulmayacağını qeyd edib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib.

“Hər bir şəhid ailəsi bizim üçün əziz və doğmadır. Şəhidlərimizin adlarını əziz tutmaq, yaşatmaq hər birimizin vəzifə borcudur. Ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır. Özümə borc bildim ki, bu gün siz şəhid ailələri ilə görüşüm, az da olsa dərdinizə şərik olum”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini qeyd edib. 

Keçidlər