İcra başçısı Qarapapaq kəndində yaşayan sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasını bütün sahələrdə görürük ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
Dekabrın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Qarapapaq kəndində yaşayan bir qrup vətəndaşın müraciətinə əsasən yerində baxış keçirməsi, vətəndaşların yaşadıqları küçənin xırlanması, küçədə mövcud olan köhnə elektrik dirəklərinin və xətlərinin yenisi ilə əvəz olunması ilə əlaqədar müraciətlərini dinlməsi, səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verməsi barədə məlumat vermişdik. Təqdirəlayiq haldır ki, vətəndaşların qaldırdıqları məsələlər artıq öz müsbət həllini tapıb.
Dekabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yenidən Qarapapaq kəndində olub, sakinlərlə görüşərək görülmüş işlərin nəticəsi ilə maraqlanıb.
Qazax Elektrik Şəbəkəsinin rəisi Firdovsi Qasımov görülmüş işlər barədə məlumat verərək bildirib ki, köhnə yararsız taxta dayaqlar və naqillər ləğv edilərək əvəzinə 8 ədəd 0,4 kv-luq metal dayaq quraşdırılıb, 350 metr 4x35 SİP kabel xətti çəkilib.
Rayon rəhbərinə küçənin xırlanması ilə bağlı məlumat verilib ki, kənd Bələdiyyəsi tərəfindən yola 3 maşın qum-çınqıl döşənərək qreyderlə yayılıb, həmçinin yol kənarında olan ağaclar budanıb, kol-kos təmizlənib.
Vətəndaşların qaz sızması və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciəti də öz həllini tapıb. Şəmkir Regional Qaz İstismarı İdarəsi Qazax Xidmət Sahəsinin əməkdaşları tərəfindən qeyd edilən məsələ aradan qaldırılıb.
Sakinlərin su arxının təmizlənməsi barədə müraciət də müsbət həll olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağstafa Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan R-3 kanalı adı çəkilən müəssisənin, Ağköynək-Qarapapaq R-2 kanalı isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən kol-kosdan təmizlənib.
Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə, adları qeyd edilən xidmət sahələrinin rəhbərlərinə, əməkdaşlarına, əziyyəti keçən hər kəsə razılıqlarını ifadə ediblər.







