İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşüb
Bu gün əminliklə qeyd edə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdikləri qayğı, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Qazax rayonunda da nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni həmişə diqqətdə saxlaması, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyini göstərə biləcək gənclər ordusunun yetişdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, mütəmadi olaraq gənclərlə görüşməsi bu dediklərimizin əyani sübutudur.
Noyabrın 14-də rayon rəhbərliyinin Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanması, təkliflərini dinləməsi gənclərə olan növbəti dövlət qayğısıdır.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşərək bugünkü görüşün əhəmiyyətindən danışıb. Ölkəmizdə yürüdülən gənclər siyasətindən söz açan rayon rəhbəri bu siyasətin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyinin yaradıldığını qeyd edib. Ulu Öndərin prezidentliyi dövründə ölkə gənclərinin dahi şəxsiyyətin diqqət və qayğısını daim öz üzərilərində hiss etdiklərini vurğulayıb. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci Forumunun keçirildiyini, 1997-ci ildən başlayaraq Prezidentin Sərəncamı ilə hər il 2 fevralın - Azərbaycanda Gənclər Günü kimi qeyd olunduğunu söyləyib. Rayon rəhbəri bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. İcra başçısı gənclərimizin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini olduğu kimi davam etdirməsini, ölkə başçısının bu addımını yüksək qiymətləndirdiklərini bildirib. İcra başçısı gənclərimizin Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışladığını, bu siyasətin icrasında daim onun yanında olduqlarını vurğulayıb. Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bunun bir daha əyani şahidi olduğumuzu söyləyib. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbə əldə etməsində ordu sıralarında olan gənclərimizin Vətənə sevgisi, vətənpərvərlikləri qələbəmizin əsas amilinə çevrildi. Bu haqq savaşı bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə edilmiş, öz torpağı, Vətəni uğrunda qanından keçməyə hazır olan gənclər var. Biz fəxrlə deyirik ki, tarixi qələbəmizin əldə edilməsində əsas gücü, əsas vəzifəni məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetişən gənc nəsil yerinə yetirdi. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası üzvlərinin ötən müddət ərzində gördükləri işlərdən, şura üzvlərinin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. Ötən il Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası üzvlərinin təşəbbüsü ilə rayon rəhbərliyi tərəfindən sərhəd kəndi Fərəhlidə uşaqlar üçün oyun meydançasının bərpa edilməsini həmin nümunəvi işlərin əyani göstəricisi kimi qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri gənclərə göstərdiyi qayğıya, xüsusilə də hər zaman onların təşəbbüsünü dəyərləndirərək dəstək olduğu üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Gənclərlə səmimi söhbət əsasında keçən görüşdə onların təklifləri və qayğıları dinlənilib. Şura üzvləri tərəfindən görülməsi nəzərdə tutulan işlər, eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib.