Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də yeni işə başlayan həkimlərlə görüşüb

12 mart 2025 | 19:37

Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər Qazaxda bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də daim diqqət ayrılan sahələrdəndir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə müəssisələrində olması, həkimlərlə, tibb işçiləri ilə görüşməsi, vətəndaşlara göstərilən səhiyyə xidmətləri ilə maraqlanmasıdır.

Martın 12-də rayon rəhbərinin “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə ümumi cərrah kimi yeni işə başlayan həkimlər - Teyyub Zeynallı, Araz Babayev və Vasif Məmmədovla görüşməsi, onların qayğıları ilə maraqlanması da səhiyyə sahəsində çalışan insanlara göstərilən qayğının davamıdır.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Afiq Fərruxov,  direktor müavini Etibar Sanıyev, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri İlham Məmmədov, böyük həkim Əmirxan Mamedov iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni işə başlayan cərrah həkimləri Qazaxda fəaliyyətə başlamaları münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Gənc həkimlərə Qazax səhiyyəsini seçdikləri üçün razılığını ifadə edib, əhalinin sağlamlığının keşiyində dayanan gənc həkimlərə gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla maraqlanım. Çətin və şərəfli işinizdə sizə uğurlar arzulayım. Çünki rəhbər təyin olunduğum ilk gündən səhiyyə sahəsinə və tibb işçilərinə xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir. Gənc həkimlərlə səmimi söhbət edən icra başçısı onlara daim öz üzərilərində çalışmalarını, təcrübəli həkimlərdən bəhrələnməyi, vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını tövsiyə edib. Ölkəmizdə, eləcə də rayonda səhiyyə sahəsinin inkişafı naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi həkim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb. Ölkə Prezidenti tərəfindən yürüdülən gənclər siyasətindən, gənc kadrların önə çəkilməsi istiqamətində atılan uğurlu addımlardan söz açan icra başçısı həkimlərin, xüsusilə gənclərin “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə çalışmaları üçün hər cür şərait yaradıldığını bildirib və bütün bunları həkimlərimizə göstərilən qayğının bariz nümunəsi kimi qeyd edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini vurğulayıb. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəyə – yeni xəstəxananın istifadəyə verilməsinə görə bu gün də ölkə başçısına minnətdarlıq edir. Mənfur düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar. İcra başçısı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini bildirib.

Gənc həkimlər də öz növbələrində çıxış edərək onlara verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar. Qazaxda vətəndaşlara xidmət göstərməkdən məmnunluq duyduqlarını qeyd edən gənc həkimlər xəstəxanada bu xidməti göstərmək üçün onlara bütün imkanlar yaradıldığını söyləyiblər. Qeyd ediblər ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz səhiyyə sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz həkimlər bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Bu görüş biz həkimlər üçün ən böyük stimul oldu. Eyni zamanda, üzərimizə böyük məsuliyyət hissi qoyur. Biz də çalışacağıq ki, öz üzərimizdə işləyərək dövlətimizin bizə olan etimadını daim öz nailiyyətlərimizlə doğruldaq.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Yeni işə başlayan gənc həkimlərlə olan bugünkü görüşü onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda yeni işə başlayan gənc həkimləri bir daha təbrik edərək müstəqil Azərbaycanın çiçəklənməsi və səhiyyənin inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıb.

Keçidlər