İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan qaziləri ziyarət edib
Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan igid oğullarımız müqəddəs Vətən torpağı uğrunda haqq savaşına çıxdılar və bu savaşdan qalib ayrıldılar. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Qazandığımız Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcu və ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Tovuz döyüşlərinin qəhrəmanı, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş, Dəmirçilər kənd sakini, II qrup müharibə əlili, çavuş İsmayılov Səyyar Şərif oğlu, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədə payı olan, döyüş meydanında göstərdikləri qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş, Qazax şəhər sakini, əsgər Yusubov Elməddin Əziz oğlu, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş, Qazaxbəyli kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), II dərəcəli Vətən müharibəsi əlili Rəhimov Fəqan Fazil oğlu da Vətənimizin müdafiəsi, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirmiş igid oğullarımızdır.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
İyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, burada müalicələrini davam etdirən qazilərimizi ziyarət edib, onların səhhəti və qayğıları ilə maraqlanıb.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova qazilərimizin səhhəti barədə məlumat verərək onların sağlamlıqlarına qovuşmaları üçün həkimlərin əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərildiyini bildirib.
Torpaqlarımızın azadlığı uğrunda gedən Aprel döyüşlərində, İyul döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Qazilərimizin sağlamlığı üçün hər cür dəstək göstərməyə hazır olduğunu qeyd edib.
İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan bütün Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazilərimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Rayon rəhbərliyi ilə səmimi söhbət edən qazilərimiz ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini bildirən qazilərimiz bugünkü ziyarəti dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndiriblər. Onlara göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.
Tibb işçiləri səmimi söhbət edən icra başçısı istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra yaralılarımıza, qazilərimizə göstərilən qayğıya görə onlara minnətdarlığını bildirib. Rayon rəhbəri sonda bir daha əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, igid oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının bundan sonra da örnək götürüləcəyini vurğulayıb.
Daha sonra "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Müharibə iştirakçıları ilə iş üzrə şöbənin mütəxəssisləri ilə görüşən icra başçısı yeni yaradılan şöbə olaraq onlara işlərində uğurlar arzulayıb, şəhid ailələrinə, qazilərimizə qarşı hər zaman diqqətli olmalarını, qayğı göstərmələrini bildirib.