İcra başçısı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimləri ilə görüşüb
Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayıran, bu sahədə çalışan insanlara qayğı göstərən, müəllim əməyini hər zaman yüksək qiymətləndirən, məktəblilərə qayğısını daim əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir.
Bu gün rayon rəhbərinin Qazax şəhər Səməd Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri ilə görüşməsi, onlarla səmimi söhbət etməsi təhsil sahəsində çalışan insanlara, müəllimlərimizə verilən dəyərin, göstərilən qayğının daha bir bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək müəllimləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamını səsləndirən icra başçısı bu kəlamın real həyatda öz əksini tapdığını qeyd edib. Gələcəyimiz olan gənclər üçün müasir standartlara cavab verən məktəblərin inşa olunmasını, təhsil sahəsinə daim dövlət səviyyəsində qayğı göstərilməsini yüksək qiymətləndirən icra başçısı bütün işlərin, həyata keçirilən tədbirlərin təməlində məktəblilərimizin, onların savadlı, bilikli, vətənpərvər gənc kimi yetişməsinin dayandığını qeyd edib. İcra başçısı son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Məhz bu qayğının nəticəsində "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə minlərlə yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu və yenidən qurularaq şagirdlərin istifadəsinə verildiyini bildirib. Rayon rəhbəri ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasətin bu gün Qazax rayonunda da uğurla davam etdirildiyini söyləyərək son illər rayonumuzda yeni məktəblərin tikildiyini, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını diqqətə çatdırıb. İcra başçısı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi, bu gün Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə, ADA Universitetinin rektoruna təşəkkürünü çatdırıb. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni bizlərə bəxş edən igid Vətən oğullarının qəhrəmanlığına, Vətən yolunda şirin canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə olan hörmət və ehtiramdan söz açan icra başçısı 2 nömrəli məktəbdə də bu amilin yüksək səviyyədə icra olunduğunu vurğulayıb. Məktəb kollektivinin, müəllimlərin vətənpərvər gənclərin yetişdirilməsində, məktəblilərin milli ruhda tərbiyə olunmasında hər zaman böyük səylə çalışdıqlarını, vətənpərvərlik mövzularında olan tədbirlərin təşkil olunmasında daim seçildiklərini söyləyib. Şanlı Zəfərimizi, şəhidlərimizi, qazilərimizi unutmadıqlarına, daim yad etdiklərinə, bu istiqamətdə mütəmadi olaraq silsilə tədbirlər təşkil etdiklərinə görə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin kollektivinə bir daha minnətdarlığını bildirib.
Səmimi söhbət əsasında keçən görüşdə məktəbin kimya müəllimi Nazilə Abbasova, ingilis dili müəllimi Elgünara Əmiraslanova, rus dili müəllimləri Gülnara Əhmədli, Aidə Həbibova, riyaziyyat müəllimi Vüqar Hüseynov öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Bugünkü görüşü özlərinin timsalında bütün müəllimlərə, onların əməyinə verilən qiymətin, məktəblilərə göstərilən qayğının, ayrılan diqqətin bariz nümunəsi kimi dəyərləndiriblər. Onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da təhsilin inkişafı istiqamətində böyük səylə çalışacaqlarını, öz töhfələrini verəcəklərini söyləyiblər. Çıxış edənlər təhsil sahəsinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, müəllimlərə, onların əməyinə verdiyi dəyərə, qiymətə, məktəblilərə olan səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür ediblər. Çıxış edən müəllimlər respublikamızda, Qazax rayonunda, eləcə də yaşadıqları küçələrdə aparılan genişmiqyaslı abadlıq işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təhsil işçiləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.