İcra başçısı Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mayın 21-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbirdə fəal iştirak etdiklərinə görə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimlərini Fəxri Fərmanla təltif edib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Kərimova Könül Şükür qızı, məktəbin 1c sinifinin rəhbəri Mustafayeva Zəminə Tofiq qızı, 2a sinifinin rəhbəri Əliyeva Arzu Ramiz qızı, 2b sinifinin rəhbəri Musayeva Könül Bayram qızı, 3a sinifinin rəhbəri Gürzalıyeva Rəhimə Şahin qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Mayın 22-də Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov tədbirdə iştirak edənləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Rayon rəhbəri bir daha vurğulayıb ki, sərəncamda da qeyd olunduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin keçirildiyini, bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, keçirilən tədbirlərin ölkəmizin, rayonumuzun adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. Rayon rəhbəri “Yaşıl dünyamızı zənginləşdirək” adlı tədbirin yüksək səviyyədə təşkil olunmasında, ərsəyə gəlməsində əməyi, əziyyəti keçən hər kəsə razılığını ifadə edib, ən əsası da “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verdiklərinə görə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin kollektivinə bir daha minnətdarlığını bildirib. “Ətraf mühiti qorumaq, yaşıl dünyamızı zənginləşdirmək, dövlətimizin bu sahədə olan siyasətini dəstəkləmək hər kəsin borcudur”, - deyən icra başçısı “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşın töhfə verməsi üçün onlara geniş imkanlar açdığını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, müəllimlərə, onların əməyinə verdiyi dəyərə, qiymətə, məktəblilərə olan səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür edib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi davam etdirildiyini, bugünkü görüşün də bunun əyani sübutu olduğunu söyləyib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Könül Kərimova çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Bugünkü görüşü, Fəxri Fərmanla təltif olunmalarını özlərinin timsalında məktəb kollektivinə, bütün müəllimərə, onların əməyinə verilən qiymətin, məktəblilərə göstərilən qayğının, ayrılan diqqətin bariz nümunəsi kimi dəyərləndirib.