Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda aparılan dezinfeksiya işləri ilə tanış olub

12 fevral 2023 | 19:25

Hər kəsə yaxşı məlumdur ki, qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərürfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) respublikamızın 8 rayonu üzrə 34 məntəqədə aşkarlanıb və növbəti illərdə ölkə ərazisində geniş yayılması riski yüksəkdir. Qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır ki, onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı, tumlu və çəyirdəkli meyvə bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Zərərverici əsasən yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bununla əlaqədar olaraq ölkə ərazisində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, mövcud yayılmanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir.

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər uğurla davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzi tərəfindən bütün işlər sistemli şəkildə həyata keçirilir.

Fevralın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri və digər aidiyyəti şəxslər İkinci Şıxlı kəndində olublar. Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri və dezinfeksiya işləri ilə maraqlanıblar.

Rayon rəhbəri qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin, yük maşınları ilə bağlı verilən tapşırıqların ciddi nəzarətə götürülməsini qeyd edib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. İcra başçısı sözügedən məsələnin mahiyyətini, məsuliyyətini birmənalı şəkildə dərk edərək hər birimizin üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməli olduğumuzu bildirib. Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, vətəndaşların təsərrüfatına ziyan vurmaması üçün hər kəsin bu işdə səfərbər olmalı olduğunu vurğulayıb. Ölkəmizdə həyata keçirilən bütün işlərin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib.

Onu da qeyd edək ki, qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.

Bundan əlavə, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində maarifləndirici görüşlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub.

Keçidlər