İcra başçısı Rəcəb Babaşov və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev Qazaxda uşaq bağçalarında körpələrə göstərilən qayğı ilə maraqlanıblar
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti ölkəmizdə bu gün də uğurla davam etdirilir. Bu, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıda real əksini tapır. Xüsusən də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası, bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr bunu deməyə əsas verir.
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından görə bilərik. Təqdirəlayiq haldır ki, Qazaxda gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı bu gün də yüksək səviyyədədir.
İyunun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev və müdir müavini Nizaməddin Babanlı ilə birlikdə şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində olub.
Qazax şəhər 3 və 6 saylı Körpələr Evi-Uşaq bağçalarında körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı və qonaqlar gələcəyimiz olan körpələrin hər cür qayğıya, diqqətə layiq olduğunu qeyd ediblər.
Sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyi bir daha vurğulanaraq bununla bağlı aidiyyəti üzrə lazımi tapşırıqlar verilib.
Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.