Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasının mövcud vəziyyəti ilə maraqlanıb

22 aprel 2022 | 10:25

Cənab Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi uğurla icra olunmaqdadır. Ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilən layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında deyildi. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastruktur yaradılır. Belə ki, Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6 kilometr quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax şəhərinə 9 kilometr magistral su kəmərinin tikintisi başa çatdırılıb. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarı inşa olunub. Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.
Bu gün onu da əminliklə qeyd edə bilərik ki, su və kanalizasiya sistemlərinin çəkilməsinə başlanılan ilk gündən rayon rəhbərliyi bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamı ilə su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət Komissiyanın yaradılması, ilk gündən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan ərazilərə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bu dediklərimizin bariz nümunəsidir.
Aprelin 22-də Qazax Rayon İcra Hakimiyyətində icra başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədovun, "Azərsu”ASC-nin şöbə rəisi Fuad Əhmədovun, mühəndis Rövşən Əsgərovun,  8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun iştirakı ilə şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasının mövcud vəziyyəti növbəti dəfə müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmişə olduğu kimi, bugünkü iclasın da əsas məqsədinin su və kanalizasiya sistemlərinin çəkilişi ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, müzakirə etmək və işlərin keyfiyyəti ilə maraqlanmaq olduğunu bildirib. İcra başçısı çəkiliş yekunlaşan bütün ərazilərdə istər su sayğaclarının, istərsə də evlərə verilmiş su birləşmələrinin mövcud vəziyyətinin öyrənilməsini, test aparılmasını, görülməsi nəzərdə tutulan digər işlərin geniş şəkildə təhlil olunmasını qeyd edib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Rayon rəhbəri görülən bütün işlərin günün tələbləri səviyyəsində qurulmasını, texniki göstəricilərə cavab verən səviyyədə aparılmasını vurğulayaraq bu işlərin kökündə vətəndaş amilinin, onların məmnunluğunun, əhalinin 24 saat dayanıqlı su ilə təminatının dayandığını bildirib.

Keçidlər