Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid ailələrini qəbul edib

16 avqust 2024 | 21:30

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bu gün ölkəmizdə bütün sahələrdə vətəndaş amilinin ön plana çəkilməsinin bariz nümunəsidir. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Qazaxda Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısı da hər zaman əsas götürülür. Rayon rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. 

Avqustun 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidləri - ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Babayev Orxan Sarvan oğlunun, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş Namazov Taleh Zülfəli oğlunun ailə üzvlərini qəbul edib, onların müxtəlif məzmunlu müraciətlərini dinləyib.

Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədə, zəfərdə payı olan Orxan, Taleh kimi qəhrəman oğullarla bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Rayon rəhbəri şəhid ailələrinə, müharibə əlillərinə, onların ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. 

Keçidlər