İcra başçısı şəhid Alı Mollayevin qızının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış oğul və qızlarımızı gələcək nəsillərə tanıtmaq, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi üçün vətəndaş olaraq əlimizdən gələni əsirgəməməliyik. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalıdır. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq.
Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Şəhid Mollayev Alı Vəli oğlunun da ailəsi hər zaman diqqət mərkəzində saxlanılır. Şəhid Alı Mollayev 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1962-ci ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1973-cü ildə orta məktəbi bitirərək ordu sıralarına yollanmışdır. 1973-1975-ci illərdə sovet ordu sıralarında xidmət etmişdir. Ordu sıralarından tərxis olduqdan sonra M.Ə.Sabir adına sovxozda fəhlə işləmişdir. 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndinin ərazisində ermənilərin basdırdığı minaya düşərək şəhid olmuşdur. Ailəli idi.
Avqustun 16-da şəhidimizin qızı İsmayılova Fidan Alı qızı dünyasını dəyişib. Avqustun 17-də şəhidimizin qızının dəfn mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Quşçu Ayrım kəndinə gələrək dəfn mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib.
İcra başçısı Rəcəb Babaşov mərhum Fidan İsmayılovanın vəfatından kədərləndiyini bildirib, mərhumun yaxınlarına, ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Qeyd edilib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var qəhrəman şəhidlərimiz daim qəlblərdə yaşayacaq. Şəhidlərimizlə yanaşı, onların ata və analarının, yaxınlarının da bizlər üçün doğma olduqları qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyi bildirilib.