Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid Elxan Qurbanovun atasının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

27 iyul 2023 | 18:09

Şəhidlik zirvəsinə ucalmaq Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. 

Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Qurbanov Elxan Telman oğlu da Birinci Qarabağ müharibəsində adını tarixə yazdıran igid oğullarımızdandır.

Şəhid Elxan Qurbanov 20 yanvar 1975-ci ildə Qazax şəhərində anadan olmuşdur.  1982-1992-ci illərdə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseydə təhsil almışdır. 1993-cü ildə Azərbaycan ordu sırlarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 30 dekabr 1994-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində Vəlixan meşəsində şəhid olmuşdur. Hüseynbəyli kəndində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi.

İyulun 26-da şəhidimizin atası Qurbanov Telman Məhərrəm oğlu dünyasını dəyişib. İyulun 27-də şəhidimizin atasının dəfn mərasimi olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə dəfn mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Telman Qurbanovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşları Elman və Emin Qurbanovlara dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Elxan Qurbanov kimi qəhrəman oğullarımız daim qəlblərdə yaşayacaq. Rayon rəhbəri ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.  

Keçidlər