İcra başçısı şəhid Məmməd Mərdanovun nənəsinin vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib
Vətəni, torpağı, yurdu, el-obanı canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlıq hər bir Azərbaycan gəncinə, gələcək nəsillərə örnəkdir. Məhz gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük və məsuliyyət qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olan, Vətən yolunda şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Mərdanov Məmməd Ələddin oğludur.
Məmməd Mərdanov 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə uca bir məqama – Şəhidlik zivəsinə yüksəlib. Məmməd Mərdanov 22 sentyabr 2021-ci ildə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mayın 13-də qəhrəman şəhidimizin nənəsi Mərdanova Xəzəngül Həmid qızı dünyasını dəyişib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin nənəsinin hüzr mərasimində iştirak edib.
İcra başçısı Rəcəb Babaşov mərhum Xəzəngül Mərdanovanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin atasına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Məmməd Mərdanov kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin nənəsinin hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata, analarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.