İcra başçısı şəhid Məqsəd Əliyevin anasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullarımız Şəhidlik adlı uca zirvəyə yüksəldilər. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də Əliyev Məqsəd Mətləb oğludur.
Oktyabrın 26-da şəhidimizin anası Əliyeva Gilas Bayram qızı dünyasını dəyişib. Oktyabrın 29-da şəhid anasının üç mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri ilə birlikdə şəhidimizin ata ocağında olub. Rayon rəhbərliyi şəhid anasının üç mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib.
İcra başçısı Rəcəb Babaşov mərhum Gilas Əliyevanın vəfatından kədərləndiyini bildirib, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyi, əksinə daha da artacağı qeyd edilib. Nə qədər Azərbaycan xalqı var Məqsəd Əliyev kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqları bildirilib. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqları vurğulanıb.